SİYASƏT


2030-cu il Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi VİDEO

Bakı, 25 iyun, Pərvanə Rəhimova, AZƏRTAC

BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində “Dövlət xidmətlərinin gələcəyi: 2030-cu il Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi” mövzusunda seminarın iyunun 25-də davamı olub.

AZƏRTAC xəbər verir ki, seminarda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə dövlət idarəetməsi sahəsində həyata keçirilən islahatlar, bu islahatların tərkib hissəsi olaraq “ASAN xidmət”in fəaliyyətə başlaması, habelə e-hökumət, İKT-nin və innovativ həllərin dövlət xidmətlərinin göstərilməsi prosesində tətbiqi barədə danışıb. O, “ASAN xidmət”in uğurlu fəaliyyəti nəticəsində BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görüldüyünü, Azərbaycanın bu brendinin Əfqanıstanda və Monteneqroda tətbiq olunduğunu qeyd edib, Özbəkistanla əməkdaşlığa başlanıldığını diqqətə çatdırıb.

Azad Cəfərli hazırda “ASAN xidmət”in 400-dən çox elektron xidmət göstərdiyini bildirib.

Əfqanıstanın “ASAN xidmət” idarəsinin baş direktoru Məhəmməd Çəmkənay Azərbaycanda “ASAN xidmət”in uğurlu fəaliyyətini qeyd edib, vətəndaşlara yüksək səviyyədə xidmət göstərildiyinin şahidi olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda olduğu kimi, Əfqanıstanda da "ASAN xidmət"in uğur qazanmasına çalışdıqlarını vurğulayıb. Məhəmməd Çəmkənay Əfqanıstanda "ASAN xidmət"in yaradılmasına dəstək verdiyi üçün Azərbaycana təşəkkür edib.

Yeni Zelandiyanın Vellinqton Viktoriya Universitetinin tədqiqatçısı Gisa Futai belə seminarların təşkilinin önəmli olduğunu deyib. Bildirib ki, bu cür müzakirələr hər bir ölkədə təhlükəsizlik və texnologiya sahəsinin inkişafına təkan verir. Qarşılıqlı əməkdaşlıq və səmərəli müzakirələr baxımından belə seminarların verdiyi töhfə böyükdür.

Seminar çərçivəsində keçirilən sessiyalarda “Hökumət üçün innovasiyalar”, “Dövlət xidmətlərini təkmilləşdirə bilən texnologiyalar və innovasiyalar”, “Ölkələrin dövlət idarəçiliyi, dövlət xidmətlərinin çatdırılması və qabaqcıl texnologiyaları üzrə təcrübələri” mövzularında çıxışlar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.