ELM VƏ TƏHSİL


AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin növbəti iclası keçirilib

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 20-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin növbəti iclası keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclasda müzakirə olunan əsas məsələlərdən biri də Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) direktoru, AMEA-ın müxbir üzvü Namiq Cəlilovun təqdim etdiyi "Azərbaycan Respublikası ərazisində peyk və peykaltı optik müşahidələr əsasında ətraf mühitin məsafədən monitorinqi və nəzarət sisteminin işlənməsi" elmi-tədqiqat layihəsi olub.

Qeyd olunub ki, layihənin əsas məqsədi operativ, dəqiq, genişmiqyaslı və eyni zamanda, səmərəli şəkildə ətraf mühitin məsafədən monitorinqi və nəzarət sisteminin yaradılması və istifadəsidir. Süni peyklərdən alınan kosmik məlumatların əsaslı emalı üçün yer səthində teleskopik və spektrofotometrik ölçmələr aparılmalı, alınan məlumatların təhlili və istifadəsi üçün regional aerokosmik elmi-praktik metodların işlənməsi tələb olunur. Kosmik tədqiqatlar aparıldıqda iki istiqamət - böyük miqyasda fon şəraiti və kiçik miqyasda lokal şərait nəzərə alınmalıdır. Bunun üçün elmi əsasda peykaltı poliqonların seçimi və bu poliqonların səmərəli şəkildə texniki təchizatı təmin edilməlidir. Ölkəmizdə baş aerokosmik poliqon kimi ŞAR fəaliyyət göstərə bilər. Buna rəsədxananın həm texniki, həm kadr potensialı, həm də iş təcrübəsi imkan verir. Yerüstü spektrofotometrik ölçmələr və peyk məlumatları lokal ərazinin dinamik optik modelini qurmağa imkan verəcək. Bu modellər bir çox praktik diaqnostik məqsədlər üçün tətbiq oluna bilər. Yaradılacaq aerokosmik məlumatlar bazası və kosmik monitorinq sistemi milli informasiya infrastrukturunun tərkib hissəsi olmalıdır.

İclasda bildirilib ki, hazırda əksər ölkələr UNESCO-nun eqidası altında təşkil olunmuş nüfuzlu beynəlxalq AERONET (AErosolROboticNET-work) peykaltı proqramına qoşulub. Bu proqram fasiləsiz olaraq eyni vaxtda müxtəlif peyklərdən və dünyanın müxtəlif peykaltı AERONET şəbəkəsindən spektrofotometrik məlumatlar almağa imkan verir. Olkəmizin bu proqrama qoşulması aktual məsələ olaraq qalır.

Təqdim olunan layihə geniş diskussiyaya səbəb olub. Müzakirələrdə və verilən texniki sualların cavablandırılmasında Ekologiya İnstitutunun Atmosferin optik monitorinqi şöbəsinin müdiri, dosent Fazil İsmayılov fəal iştirak edib. Yekun qərarda layihə dəstəklənib və onun icrasına digər institutların da qatılması tövsiyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.