CƏMİYYƏT


Afinada Novruz şənliyi keçirilib

Afina, 20 mart, AZƏRTAC

Azərbaycanın Yunanıstandakı səfirliyində Novruz bayramı münasibətilə şənlik təşkil olunub. Yunanıstan Xarici İşlər Nazirliyinin rəsmiləri, Yunanıstan Parlamentinin üzvləri, Afinadakı diplomatik korpusun nümayəndələri, Yunanıstan ictimaiyyəti və Azərbaycan icmasının iştirakı ilə keçirilən şənlikdə, qonaqlar milli mətbəximizin ləziz nümunələrindan dadıb və bayram şirniyyatlarına qonaq ediliblər. Azərbaycan xalq musiqisinin sədaları altında, Novruz tonqalı ətrafında rəqs edərək, xalqımızın qədim bayram ənənələrini Afinada yaşadıblar.

Tədbirdə çıxış edən səfirliyin müvəqqəti işlər vəkili Eldar Əliyev Novruz bayramının qədim tarixi, fəlsəfəsi, ənənələri haqqında məlumat verib. Novruz bayramının 300 milyona yaxın insanın yaşadığı geniş regionda qeyd olunduğunu bildirən diplomat bu bayramın birlik, bərabərlik, həmrəylik, dostluq, sülh, rifah kimi dəyərləri özündə ehtiva etdiyini diqqətə çatdırıb, bəşəriyyətin ali dəyərlərini təmsil edən Novruz bayramının insanları birləşdirən dəyər olduğunu bildirib.

Bayram tədbiri çərçivəsində xalqımızın qədim Novruz ənənələrindən olan yumurta döyüşü və papaq atma mərasimləri iştirakçıların böyük marağına səbəb olub. Azərbaycan xalq mahnılarının canlı ifada səsləndirildiyi şənlik, daha sonra qonaqların Novruz tonqalı ətrafında “Yallı” rəqsi ilə davam edib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.