MƏDƏNİYYƏT


Azad Brüssel Universitetində dahi Nəsimiyə həsr olunmuş elmi kollokvium keçirilib

Brüssel, 25 iyun, AZƏRTAC

Azad Brüssel Universitetində Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azad Brüssel Universiteti, Şərq Sivilizasiyası və Dilləri İnstitutu (İNALCO), Tətbiqi Dilçilik Mərkəzi (BİAL) və Azərbaycanın Belçikadakı səfirliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Azad Brüssel Universitetinin konfrans zalında baş tutan elmi kollokvium “İmadəddin Nəsimi: Azərbaycan və dünya ədəbiyyatı” mövzusunda təşkil olunub.

Tədbirə tanınmış Avropa alimləri, Azad Brüssel Universitetinin ədəbiyyat departamentinin professorları Philippe Humble və Arvi Sepp, eyni zamanda Azərbaycan alimləri professor, görkəmli kulturoloq Fuad Məmmədov, filologiya üzrə fəlsəfə doktoru, görkəmli Nəsimişünaş Səadət Şıxıyeva və dilçilik üzrə fəlsəfə doktoru Aygün Eyyubova dəvət olunublar.

Tədbiri Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov açaraq alimlərə və iştirakçılara öz təşəkkürünü bildirib.

Azad Brüssel Universiteti tərəfindən tədbirin posteri (əlavədə) hazırlanıb və universitetin rəsmi internet səhifəsində bu haqda elan (https://www.vub.ac.be/en/events/2019/imadaddin-nasimi-azerbaijani-and-world-literature ) yerləşdirilib.

Dinlənilən məruzələr həm Avropa alimləri, həm də dinləyicilər arasında böyük marağa səbəb olub. Tədbir zamanı iştirakçılara Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş “İmadəddin Nəsimi” adlı kitab paylanıb. Kitablar eyni zamanda, Azad Brüssel Universitetinin kitabxanasına da təqdim olunub.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.