İQTİSADİYYAT


Azərbaycan Pekindəki CIFTIS sərgisində ilk dəfə iştirak edir

Bakı, 31 may, AZƏRTAC

Pekində 6-cı Çin beynəlxalq ticarət xidməti sərgisi (China International Fair for Trade in Services - CIFTIS) keçirilir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin dəstəyi, Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəliyinin təşkilatçılığı ilə ölkəmiz ilk dəfə olaraq CIFTIS sərgisində iştirak edir.

Ümumilikdə 137 ölkənin təmsil olunduğu sərginin açılış mərasimində çıxış edən Çinin Baş nazirinin müavini Hu Çunhua bildirib ki, ölkəsi iqtisadiyyat sahəsində açıqlıq siyasəti və islahatlar aparmaqda davam edir, ticarət sahəsində təklif olunan xidmətlərin səviyyəsi durmadan artır.

Çinin Kommersiya naziri Con Şan deyib ki, ölkənin investisiya qanunvericiliyinə edilmiş dəyişikliklər nəticəsində investisiya mühiti yaxşılaşdırılıb, bir çox yeni sahələr xarici investorlar üçün açıq elan olunub.

Pekin şəhərinin partiya katibi Çay Çi Çin Xalq Respublikasının Sədri Si Cinpinin CIFTIS-ə ünvanladığı təbrik məktubunu oxuyub.

Sərginin ekspozisiya zalındakı Azərbaycan stendində ölkəmizin investisiya, nəqliyyat-tranzit və turizm potensialı ilə yanaşı, respublikamızda son illər reallaşdırılan mühüm infrastruktur layihələri, ölkəmizdəki sənaye parklarında yerli və xarici investorlar üçün təqdim edilən imtiyazlar haqqında ətraflı məlumat verilir. Bununla yanaşı, stenddə "Made in Azerbaijan" brendi ilə istehsal olunan ixracyönümlü məhsullar, o cümlədən şərab və digər spirtli içkilər, meyvə şirələri, bitki yağları, konservlər, çay növləri nümayiş edilir.

Sərgi çərçivəsində ölkəmizin Çindəki ticarət nümayəndəliyinin və CIFTIS sərgisinin təşkilat komitəsinin əməkdaşlığı ilə Azərbaycanın investisiya mühiti və iqtisadiyyatı mövzusunda təqdimat keçiriləcək. Tədbir zamanı Azərbaycanın "Bir kəmər, bir yol" təşəbbüsündəki rolu, ölkəmizin əsas iqtisadi göstəriciləri, investisiya mühiti, turizm potensialı, habelə "Azərbaycan Hava Yolları" QSC-nin fəaliyyəti, ölkəmizdə istehsal olunan ixracyönümlü qida məhsulları və şərabçılıq ənənələri haqqında danışılacaq.

Qeyd edək ki, 2012-ci ildən keçirilən CIFTIS Pekində təşkil olunan ən böyük sərgilərdən biri hesab olunur. Tədbirin əsas təşkilatçıları Çinin Kommersiya Nazirliyi və Pekin meriyasıdır. Bununla yanaşı, Dünya Ticarət Təşkilatı, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) CIFTIS-i daima dəstəkləyən qurumlardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.