CƏMİYYƏT


Azərbaycan Tibb Universitetində UNICEF məsləhətçiləri ilə görüş keçirilib

Bakı, 20 iyun, AZƏRTAC 

BMT-nin Uşaqlara Yardım Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyi 2021-2025-ci illər üzrə növbəti ölkə proqramını hazırlayır. Bununla əlaqədar UNICEF-in region üzrə sağlıq və təhsil məsləhətçisi Basil Rodriqis Azərbaycan Tibb Universitetində (ATU) olub, rektor professor Gəray Gəraybəyli ilə görüşüb.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı qonaqlara ATU-da mövcud təhsil və imtahan sistemi, tədrisdə aparılan innovativ yeniliklər, elektron universitet proqramının tətbiqi haqqında geniş məlumat verilib. Həmçinin birgə əməkdaşlığın istiqamətləri müzakirə olunub.

Görüşdə iştirak edən UNICEF-in sağlamlıq və qidalanma üzrə nümayəndəsi Töhfə Cəmilova təmsil etdiyi təşkilatın 25 ildən çoxdur Azərbaycanla çalışdığını dedi. O, UNICEF-in hökumətlə birgə növbəti 5 illik proqramın hazırlanması, sənəddə təhsil və səhiyyə üzrə vacib məqamların əks olunması üçün ATU ilə əməkdaşlığın ümumi işə böyük töhfə verəcəyindən əminliyini bildirib.

Rektor Gəray Gəraybəyli ATU əməkdaşlarının UNICEF-in təşkilatçılığı ilə keçirilən tədbirlərdə, proqramların reallaşmasında yaxından iştirak etdiklərini vurğulayıb: “Son 10 ildə universitetimizin yürütdüyü əsas strateji xətlərdən biri beynəlxalq əlaqələrin genişləndirilməsidir. Bir çox xarici ölkələrin, həm Avropa, həm də digər regionların universitetləri, beynəlxalq təşkilatlarla əlaqələrimiz var. UNICEF-lə əməkdaşlıq bu əlaqələrin daha da dərinləşməsinə təkan verəcək”.

Rektor G.Gəraybəyli pediatriya sahəsinin inkişafının həm Azərbaycan səhiyyəsi, həm də ATU üçün önəmli sahələrdən biri olduğunu qeyd edib. Bu səbəbdən UNICEF-in ölkə proqramında pediatriya ilə bağlı məqamların əks olunmasının vacibliyini bildirib. Xüsusilə, tələbələrə dünyada mövcud praktik vərdişlərin təlqin edilməsi ilə bağlı yardıma ehtiyac olduğunu vurğulayıb. Tələbələrin praktik biliklərinin artırılması məqsədilə treninq mərkəzlərinin yaradılmasında UNICEF-in kömək göstərə biləcəklərini qeyd edib.

UNICEF-in region üzrə sağlıq və təhsil məsləhətçisi Basil Rodriqis regionda ailə həkimi institutunun yaradılmasının vacibliyindən danışıb. Onun sözlərinə görə, UNICEF-in budəfəki ölkə proqramında əsas bəndlərdən biri pediatriya sahəsinin inkişafı, uşaqlara ilkin tibbi yardımın keyfiyyətli təşkili, digəri isə ailə həkimi institutunun yaradılması ilə bağlı olduğunu qeyd edib.

Görüşdə ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev iştirak ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.