CƏMİYYƏT


“Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsi çərçivəsində uğurlu nəticələr əldə olunub   YENİLƏNİB

Bakı, 11 iyul, AZƏRTAC 

İyulun 11-də Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Fransanın sosial sahələrlə bağlı nazirliklərinin Avropa və beynəlxalq məsələlər üzrə nümayəndəliyinin, Litvanın sosial müdafiə qurumları ilə birgə icra etdiyi “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsinin yekunlarına dair tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının və beynəlxalq təşkilatların, hökumət və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, Fransa və Litvanın Azərbaycandakı səfirliklərinin və Avropa İttifaqının rəsmiləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev agentliyin icbari tibbi sığorta çərçivəsində əhalinin yararlana biləcəyi xidmətlərin toplusunu ehtiva edən xidmətlər zərfini hazırladığını bildirib: “Qarşıya qoyulan mühüm vəzifələrdən biri də səhiyyə işçilərinin gəlirlərinin əmək bazarının tələblərinə uyğun tənzimlənməsidir. Bununla bağlı normativ hüquqi aktlar hazırlanıb və razılaşdırılması üçün müvafiq qurumlara göndərilib. Əhalinin icbari tibbi sığortanın tətbiqi ilə bağlı maarifləndirilməsi ilə əlaqədar ilin sonunadək maarifləndirmə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Artıq üç ilə yaxındır ki, ölkənin üç bölgəsində icbari tibbi sığorta üzrə pilot layihə tətbiq olunur. Pilot layihə çərçivəsində bir sıra dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurulub. Bu əməkdaşlığın bariz nümunəsi Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsidir. Layihənin icrasına 2017-ci ilin avqustunda başlanılıb. Bu müddət ərzində Azərbaycan, Fransa və Litvadan olan mütəxəssislər birgə işləyib və nəzərdə tutulan hədəflərə çatıblar”.

Zaur Əliyev icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə hazırlıqdan danışıb, Avropa İttifaqının Nümayəndəliyinin rəhbərliyinə, habelə layihə müddətində agentliyin mütəxəssisləri ilə sıx əməkdaşlıq edən bütün beynəlxalq ekspertlərə minnətdarlığını bildirib.

Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov icbari tibbi sığortanın tətbiqi istiqamətində tvinninq layihəsinin uğurla həyata keçirilməsini qürurverici hal kimi dəyərləndirib. O bildirib ki, çatışmazlıqların aradan qaldırılması üçün dünya ölkələrinin təcrübələrinin öyrənilməsi çox vacibdir. Komitə sədrinin sözlərinə görə, ölkədə icbari tibbi sığortanın uğurlu tətbiqi məqsədilə ötən ilin sonunda qanunvericiliyə bir sıra dəyişikliklər edilib. Gələn ildən icbari tibbi sığortanın tətbiqi nəticəsində qanunvericiliyə əlavə dəyişikliklərin edilməsinə də ehtiyac yarana bilər. Bunun üçün Milli Məclisdə aidiyyəti qurumların əməkdaşlarından ibarət işçi qrup yaradılıb.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, tvinninq layihəsi çərçivəsində Aİ ölkələri tərəfindən Azərbaycana cəlb olunan ekspertlər icbari tibbi sığortanın tətbiqinə dəstək veriblər. Onun sözlərinə görə, icbari tibbi sığorta üzrə pilot layihənin göstəriciləri müsbətdir və bunun nəticəsidir ki, hökumət tərəfindən də icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə qərar verilib.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin layihə çərçivəsində islahatların keçirildiyini və görülən işlərin ana və uşaqların sağlamlığına müsbət təsir göstərəcəyinə inandığını bildirib. O, icbari tibbi sığortanın ölkə üzrə tətbiqinin çox uğurlu olacağına əminliyini vurğulayıb.

Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması, sağlamlığının mühafizəsi, həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışan Nazirlər Kabinetinin humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov bildirib ki, son illər ölkəmizdə yeni tibb müəssisələri inşa və ya əsaslı şəkildə təmir edilib. Pilot layihədən bəhs edən M.Ələkbərov layihənin tətbiqi nəticəsində 3 pilot ərazidə tibbi xidmətlərin keyfiyyətinin yüksəldiyini, əhalinin xidmətlərə əlçatanlığının artdığını diqqətə çatdırıb.

Fransanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Yohan Şitterer, Sosial Müdafiə və Səhiyyə Nazirliyinin əməkdaşı Anna Benie, Litvanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Daliya İqnataviçiute, Sosial Müdafiə və Əmək Nazirliyinin əməkdaşı Ula Urbaite icbari tibbi sığortanın Azərbaycanda uğurlu tətbiqi edilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tvinninq layihəsinin faydalarından danışıblar.

Tədbir təqdimatlar və panel sessiyalarla davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.