SİYASƏT


Azərbaycanın Finlandiyada fəaliyyət göstərən diaspor rəhbərləri bələdiyyə rəsmisi ilə görüşüblər

Stokholm, 8 may, Rauf Əliyev, AZƏRTAC

Azərbaycanın Finlandiyada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri Şuşanın işğalının 27-ci ildönümü ərəfəsində bu ölkənin bələdiyyə rəsmisi ilə görüş keçiriblər.

AZƏRTAC xəbər verir ki, görüş Azərbaycanın Finlandiyada fəaliyyət göstərən diaspor təşkilatlarının birgə layihələri əsasında qəbul etdikləri strategiyaya əsasən silsilə tədbirlər çərçivəsində təşkil edilib. Lahti şəhər bələdiyyə məclisinin Sosial-Demokratlar Partiyasından (SDP) olan üzvü, Avropa Parlament seçkilərinə Finlandiyadan olan namizəd Alettin Basboga ilə keçirilən görüşdə Finlandiya Azərbaycanlıları Assosiasiyasının (FAA) sədri Vasif Muradlı, Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay, Finlandiya Azərbaycan Gənclər Birliyi Təşkilatının sədri Nəzrin Məcidli və müavini Ayla Zülfi iştirak ediblər.

FAA-nın sədri Vasif Muradlı Alettin Basboganı təmsil olunduğu SDP partiyasının Finlandiya parlament seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib. Görüşün məqsədindən danışan Vasif Muradlı nümayəndə heyəti adından Alettin Basbogaya təşəkkür edib.

Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay bildirib ki, diasporun məqsədi Azərbaycan həqiqətlərini yaşadığı ölkədə yaymaq, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpaqları olmasını fin cəmiyyətinə çatdırmaqdır.

Arzu Oqtay Dağlıq Qarabağın işğal olunması tarixi haqqında ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, Ermənistanın silahlı birləşmələri tərəfindən 1992-ci ilin fevralında Xocalı soyqırımı törədilib, mayın 8-nə keçən gecə isə Qarabağın dilbər guşəsi Şuşa şəhəri hərbi əməliyyat nəticəsində işğal edilib və yerli əhali qəddarlıqla öldürülüb.

Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Dağlıq Qarabağ haqqında kitabları həmsöhbətinə hədiyyə edib, Qarabağın coğrafiya mövqeyi haqqında da geniş məlumat verib.

Arzu Oqtay payız aylarından başlayaraq seçkilərdən sonra Finlandiyada yeni formalaşacaq hökumətlə də sıx əlaqə quracaqlarını bildirərək deyib: “Məqsədimiz Xocalı soyqırımının tanıdılması və hüquqi qiymət verilməsi üçün təbliğat apararaq, parlamentarilərin rəyini almaq və parlamentdə müzakirələrə çıxarmağa nail olmaqdır".

Finlandiya Azərbaycan Gənclər Birliyi Təşkilatının sədri Nəzrin Məcidli isə deyib ki, “gənclər təşkilatı olaraq məqsədimiz gələcək bələdiyyə seçkilərinə namizədliyimizi verərək qələbə qazanmaq və beləliklə də Finlandiya dövlət qurumlarında azərbaycanlı gənclər olaraq təmsil olmaqdır”.

Ayla Zülfi isə qeyd edib ki, məhz bu yolla Finlandiyadakı gənclər Azərbaycan həqiqətlərinin daha çox yaya bilər.

Alettin Basboga Finlandiya dövlətinin və siyasətçilərinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini, ölkəsinin Azərbaycanla hər sahədə mütəmadi əməkdaşlıq etdiyini deyib. O, həmçinin gənclərə dəstək verməyə hazır olduğunu bildirib. Onların gələcəkdə Avropa parlamentində təcrübə toplamaları üçün staj keçmələrini də tövsiyə edib.

A.Basboga Avropa Parlamenti seçkilərində qalib gəldiyi halda azərbaycanlı nümayəndələrin hər birini qəbul edərək kömək etməyə hazır olduğunu xüsusilə qeyd edib.

Azərbaycan diasporunun nümayəndələri Avropa Parlamenti seçkilərində A.Basboganı dəstəkləyərək səs verəcəklərini vurğulayıblar.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.