MƏDƏNİYYƏT


Azərbaycanın turizm təbliğatının növbəti hədəfi Cənubi Koreyadır

Bakı, 7 iyun, AZƏRTAC

Azərbaycan və Koreya arasında turizm sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə Azərbaycan nümayəndə heyəti Cənubi Koreya Respublikasına səfər edib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidin rəhbərlik etdiyi nümayəndə heyəti Seulda Cənubi Koreyanın səyahət turizmi üzrə ixtisaslaşan aparıcı media agentliklərinin nümayəndələri (“Travel Insight & TTL News”, “Korea Travel Times”, “Global Travel News”, “Korea Travel News”, “Tour Korea”, “Travel Press”) ilə görüşüb.

Görüşdə ölkəmizin turizm potensialı haqqında ətraflı məlumat verilib, yeni turizm brendi və tanıtım çarxı media nümayəndələrinə təqdim olunub, Azərbaycan haqqında suallar cavablandırılıb.

Səfərdə Florian Zenqstşmidlə Koreyanın Mədəniyyət, İdman və Turizm Nazirliyində görüş keçirilib. İki ölkə arasında qarşılıqlı turizm əlaqələrinin inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması kimi məsələlər müzakirə olunub.

Koreya bazarında mühüm paya sahib olan və turizm sahəsində ixtisaslaşmış “Korean Air”, “HanaTour”, “Mode Tour”, “Yellow Ballon”, “JTBC” kimi nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşlərdə Azərbaycanın Cənubi Koreyadakı səfiri Rəmzi Teymurov da iştirak edib.

Səfər zamanı Koreya Dünya Səyahət Sərgisinin prezidenti ilə də görüş təşkil olunub. Eyni zamanda, “SITIF 2019” - Seul Beynəlxalq Turizm Sənayesi və Koreya Beynəlxalq Sərgi və Konqres Mərkəzində səyahət və turizm üzrə hər il keçirilən “HanaTour Annual Travel Fair” sərgiləri ziyarət olunub.

Azərbaycan Turizm Bürosunun növbəti rəsmi turizm nümayəndəliyinin açılması planlaşdırılan ölkələr içərisində Cənubi Koreya prioritet təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.