MƏDƏNİYYƏT


Azərbaycanlı tələbələr İspaniyada İmadəddin Nəsiminin 650 illik yubileyini qeyd ediblər

Madrid, 29 may, AZƏRTAC

Bu gün İspaniyanın Alkala de Enares Universitetində ölkəmizin mədəniyyətinin təbliğ olunması, habelə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar adıçəkilən universitetdə “Erasmus” proqramı üzrə təhsil alan Bakı Ali Neft Məktəbinin tələbələri tərəfindən İspaniya Krallığındakı səfirliyimizin dəstəyi ilə tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirə Alkala de Enares Universitetin müəllim heyəti, habelə bu universitetdə təhsil alan xarici tələbələr qatılıblar.

Bakı Ali Neft Məktəbinin tələbələri ölkəmiz barədə məlumat verərək, qədim tarixə malik Azərbaycanın hazırda regionun ən sürətlə inkişaf edən ölkəsi olduğunu, ölkəmizin mədəniyyətlərarası dialoqa, tolerantlığa əhəmiyyətli töhfə verdiyini qeyd ediblər.

Soydaşlarımız dahi Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı barədə tədbir iştirakçılarını ətraflı şəkildə məlumatlandıraraq, diqqətə çatdırıblar ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib.

Azərbaycanda ədəbi fikrin əsas simalarından biri hesab olunan ədibin ümumilikdə Şərq dünyasının mədəniyyət tarixində özünəməxsus yerə malik olduğu qeyd edilib, dahi şairin humanist ideyaları və mənəvi dəyərləri barədə geniş məlumat verilib.

Tədbir zamanı yaradılmış guşədə ölkəmizin mədəniyyətinin, turizm potensialının təbliği ilə bağlı müxtəlif materiallar nümayiş etdirilib, habelə dahi şairin 650 illik yubileyinə həsr olunmuş, səfirlik tərəfindən çap etdirilmiş buklet və İspaniyada dövriyyəyə buraxılmış xüsusi poçt markalarının təqdimatı keçirilib. Tədbir iştirakçılarına milli şirniyyatlarımız və Azərbaycan çayı təqdim olunub.

Daha sonra həmyerlilərimiz Alkala de Enares Universitetində təhsil alan xarici tələbələrlə birlikdə Azərbaycan musiqisinin sədaları altında milli rəqslərimizi ifa ediblər.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.