ELM VƏ TƏHSİL


Bakıda “Qlobal ərzaq təhlükəsizliyində bitki genetik ehtiyatlarının rolu” mövzusunda müzakirələr aparılıb

Bakı, 25 iyun, AZƏRTAC

İtaliyanın ölkəmizdəki səfirliyinin, AMEA-nın və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (KTN) birgə təşkilatçılığı ilə İtaliya Respublikasının Elm Gününə həsr edilən “Qlobal ərzaq təhlükəsizliyində bitki genetik ehtiyatlarının rolu” mövzusunda seminar keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova açaraq Azərbaycan-İtaliya əlaqələrindən, xüsusilə son illərdə iki ölkə arasında elmi əməkdaşlığın genişlənməsindən danışıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, akademik seminarın iki ölkə üçün əhəmiyyətini vurğulayaraq gələcəkdə bitki genetik ehtiyatlarının kompleks öyrənilməsi və onlardan istifadə etməklə daha məhsuldar və keyfiyyətli sortlar yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Alim yoxsulluğa qarşı mübarizə və ərzaq təhlükəsizliyi problemlərinin dünya dövlətlərinin daim diqqət mərkəzində olduğunu qeyd edib. “Ərzaq təhlükəsizliyinin təmin olunması hər bir ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasının tərkib hissəsidir”, – deyən İ.Hüseynova bildirib ki, dünya alimləri insanların sağlam qidalanması ilə bağlı ciddi düşünməli, qlobal çağırışlar fonunda yeni mexanizmlər axtarıb tapmalı və onları həyata keçirməlidirlər.

AMEA-nın vitse-prezidenti hələ 30-40 il öncə Azərbaycanda bu sahədə mühüm tədqiqatlar aparıldığını, uğurlu nəticələr əldə edildiyini deyib. Vurğulayıb ki, akademik Cəlal Əliyevin elmi fəaliyyəti məhz bu problemlərə yönəlmiş, alim ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı çoxsaylı araşdırmalar aparmış, bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına xüsusi önəm vermişdir.

İradə Hüseynova aktual problemə həsr olunmuş seminarın italiyalı alimlərlə birgə tədqiqatlar aparılması, kadr hazırlığının həyata keçirilməsi baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayaraq, tədbirin təşkilində göstərdiyi dəstəyə görə İtaliyanın ölkəmizdəki səfirliyinin əməkdaşlarına minnətdarlığını bildirib.

İtaliyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Elena Leonard seminarın iki ölkənin genetika, genomika, bioinformatika və seleksiya sahəsində çalışan alimləri arasında yeni əməkdaşlıq istiqamətlərinin yaradılmasına təkan verəcəyini deyib. O, italiyalı alimlərin azərbaycanlı həmkarları ilə müvafiq istiqamətlərdə müzakirələr apardığını bildirərək, AMEA-nın Genetik Ehtiyatlar İnstitutu ilə birgə elmi tədqiqatlar aparacaqlarını və kadr hazırlığı sahəsində sıx əməkdaşlıq edəcəklərini vurğulayıb.

Tədbirdə KTN yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev müvafiq elmi-tədqiqat institutlarının tədbirdə iştirakını yüksək qiymətləndirib və nazirlikdə aparılan islahatlar barədə məlumat verib. O, KTN-in ölkədə əhalinin böyük bir hissəsinin məskunlaşdığı kənd yerlərində ərzaq təhlükəsizliyinin təmin olunmasına böyük önəm verdiyini nəzərə çatdırıb. Bildirib ki, fermerlərə daim dövlət dəstəyi göstərilir, güzəştli kreditlər təqdim olunur. KTN fermerlərə 70-dən çox xidmət təqdim edir.

M.Əliyev diqqətə çatdırıb ki, hazırda ölkəmizdə dövlət başçısının müvafiq tapşırıqlarına əsasən, elektron kənd təsərrüfatının yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu da kənd təsərrüfatının bütün istiqamətlərini vahid mərkəzdən idarə etməyə imkan verəcək.

Məruzəçi təmsil etdiyi müəssisənin beynəlxalq fondlarla əməkdaşlıq əlaqələri qurduğunu, xarici ölkələrdən olan mütəxəssislərlə birgə innovativ layihələrin həyata keçirilməsində fəal iştirak etdiyini deyib.

Seminarda İtaliyanın Aqrar Tədqiqatlar və Aqrar İqtisadiyyatın Analizi Şurasının Genomika və Bioinformatika üzrə Tədqiqat Mərkəzinin direktoru, professor Luigi Cattivelli “Bərk buğdanın genetik müxtəlifliyi üzrə qlobal platforma”, Şuranın tədqiqatçısı Marcello Cutuli “Keçən əsrdə şaftalı bitkisinin seleksiyasında əldə olunan nailiyyətlər və perspektivlər”,

Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov “Azərbaycan bitki genetik ehtiyatlarının biomüxtəlifliyi”, Meyvə bitkiləri şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Mirzə Musayev isə “Azərbaycanda meyvə bitkilərinin seleksiyası: problemlər və perspektivlər” mövzusunda məruzələrlə çıxış ediblər. Sonra birgə layihələrin hazırlanması və əməkdaşlığın genişləndirilməsi üzrə müzakirələr keçirilib.

Toplantıda AMEA və KTN-in müvafiq elmi-tədqiqat institutlarından 150-dən artıq alim və mütəxəssis iştirak edib.

Tədbirin sonunda AMEA-nın Genetik Ehtiyatlar İnstitutu ilə İtaliyanın Aqrar Tədqiqatlar və Aqrar İqtisadiyyatın Analizi üzrə Şurasının Genomika və Bioinformatika üzrə Tədqiqat Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.