İQTİSADİYYAT


Bakıda “TransCaspian” və “Road & Traffic” nəqliyyat sərgiləri açılıbVİDEO

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 11-də Bakı Sərgi Mərkəzində XVIII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika - “TransCaspian 2019” və IX Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat - “Road & Traffic 2019” sərgiləri açılıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə son illər Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və dəstəyi ilə nəqliyyat sahəsində nəhəng regional layihələr həyata keçirildiyini deyib.

Bildirib ki, bu layihələr nəqliyyat sektorunun inkişafına, ölkəmizin tranzit potensialının güclənməsinə, nəqliyyat təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Aparılan bu siyasətin əsasını idarəetmənin təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, sağlam rəqabət mühitinin formalaşması təşkil edir.

R.Quluzadə qeyd edib ki, ölkəmizdə müasir və funksional nəqliyyat sisteminin yaradılması istiqamətində görülən bütün işlər, ölkə başçısının müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan – 2020: inkişaf konsepsiyası”, “Logistika və Ticarətin İnkişafı üzrə Strateji Yol Xəritəsi” və qəbul olunmuş digər Dövlət Proqramlarına uyğun olaraq həyata keçirilir.

Nazir vurğulayıb ki, son illər ərzində ölkəmizdə qeyri-neft sektorunun inkişafına, o cümlədən nəqliyyat sahəsində görülən işlərin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. Azərbaycanda innovativ texnologiyalara əsaslanan dayanıqlı nəqliyyat sistemi formalaşdırılır. Bu məqsədlə adıçəkilən sahədə zəruri islahatlar aparılır, idarəetmə təkmilləşdirilir.

Sonra R.Quluzadə stendlərlə tanış olub. Sərgilərdə yerli startaplara xüsusi diqqət yetirilib. Tədbir çərçivəsində “Yoldaş”, “Səyyar biznes avtomobilləri”, “Your Trade Way”, “Thermonorth”, “Cardoctor”, “Yolget”, “HotelRace” və “Velokuryer” startapları təqdim edilir.

Dövlət Dəniz Agentliyi də sərgidə öz stendi ilə iştirak edir. Stenddə agentliyin fəaliyyətini özündə əks etdirən məqamlar qeyd olunub.

Tədbir çərçivəsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) fəaliyyətinə dair “Avtomobil Nəqliyyatı ilə daşımalarda yeni mərhələ” mövzusunda proqnoz layihə sərgi iştirakçılarına təqdim edilib. Bildirilib ki, statistik göstəricilərə əsasən, ötən il ərzində ölkəmizdə avtomobil nəqliyyatı ilə 149 milyon 205 min ton yük, 1 milyard 766 milyon 470 min nəfər sərnişin daşınıb. Ölkə üzrə bütün nəqliyyat növləri ilə daşınan yüklərin (boru nəqliyyatı da daxil olmaqla) təxminən 65 faizi, daşınan sərnişinlərin isə təxminən 88 faizi avtomobil nəqliyyatının payına düşüb.

Qeyd olunub ki, ölkəmizdə avtovağzal və avtostansiya şəbəkəsinin genişləndirilməsi, mövcud infrastrukturun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər görülür. Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində avtobusların, minik avtomobillərinin, taksilərin, həmçinin sərnişinlərin və turistlərin daha təhlükəsiz, rahat və nizamlı hərəkətinin təmin edilməsi məqsədilə burada yenidənqurma işləri həyata keçirilib və aprelin 15-də müasir tələblərə cavab verən MDB məkanında ən iri Nəqliyyat Qovşağı istifadəyə verilib. Bu tədbirlərin davamı kimi, tezliklə Lökbatan qəsəbəsində yeni avtostansiyanın da istifadəyə verilməsi nəzərdə tutulub.

Sərgidə Nəqliyyat Qovşağının əvvəlki və hazırkı görüntülərindən ibarət videoçarx ziyarətçilərə təqdim olunub.

Bundan əlavə, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin funksionallıq baxımından daha zəngin, eyni zamanda, daha çox məlumatın əks olunduğu yeni saytının təqdimatı da keçirilib. Saytdan istifadə qaydaları və sərnişinlər üçün çox böyük əhəmiyyət kəsb edən “onlayn” bilet satışı prosesini əks etdirən videoçarx nümayiş olunub. Saytla yanaşı, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin “Android” və “IOS” istifadələri üçün nəzərdə tutulan mobil tətbiqi də sərgidə təqdim edilib.

Sərgilər Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi, “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə keçirilir.

İyunun 13-dək davam edəcək sərgilərə 10 ölkədən 75 şirkəti təmsil edən iştirakçılar qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.