MƏDƏNİYYƏT


Dubayda yay mövsümünün yenilikləri

Bakı, 22 iyun, AZƏRTAC

Dubay məktəb tətilləri və məzunlar mövsümündə şəhərin istənilən guşəsində ailəvi istirahətin müxtəlif variantlarını təklif edir.

AZƏRTAC xəbər verir ki, 1,5 milyon kvadratmetr ərazidə (28 futbol meydanı boyda ərazi) yerləşən “IMG Worlds of Adventure” örtülü tematik əyləncələr parkına gedənləri müasir attraksionlarda unudulmaz təəssüratlar gözləyir. Onları 5 tematik zonada “Marvel” və “Cartoon Network”un sevimli personajları qarşılayacaq. Multisensor texnologiyaların köməyi ilə balacalar üçün “Ben 10”, “The Amazing World of Gumball”, “Lazy Town”, “The Powerpuff Girls” cizgi filmlərinin qəhrəmanları ilə macəralar hazırlanıb. Böyüklər isə parkın “İtirilmiş vadi” adlı xüsusi zonasında məskunlaşmış dinozavrlar aləminə baş vura bilərlər.

“City Walk” ticarət-əyləncə zonasında dəbli mağazalar, xudmani trasları və açıq səma altında gözəl istirahət zonaları olan restoranlar açılıb. Piyada turistlər Avropa üslubunda yaraşıqlı xiyabanlarda gəzişərək müxtəlif əyləncəli proqramlara qatıla, yaxınlıqdakı attraksionlarda şənlənə bilərlər. Məsələn, “Hub Zero” oyun klubunda. Burada lazertaq, 4D-kinoteatr, yürüş simulyatorları kimi əyləncələr sayəsində virtual aləm gerçəkliyə çevrilib. Klubda ən həvəsli heymerlər üçün zona var. Daha bir məkan - “Mattel Play! Town” 2-10 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Burada balacaları onların sevimli personajları qarşılayır. Təbiətsevərləri “The Green Planet” örtülü “tropik” meşədə ekzotik flora və fauna aləmi gözləyir. Onlar burada 3 mindən çox bitki, heyvan və quş növünə yaxından tamaşa edə bilərlər. Unikal biogümbəz çətir, orta səviyyə, xəzan və qırmızı meşə deyilən 4 yarusdan ibarətdir. Qonaqlara bu yaruslardan hər birinin tropik meşənin biotarazlığının qorunub saxlanılmasında oynadığı mühüm rol barədə məlumat verilir.

Ailəvi istirahət edənlərin hər biri “Dubai Mall” ticarət-əyləncə mərkəzində özünə maraqlı məşğuliyyət tapa bilər. “KidZania” parkında uşaqlar üçün 60 müəssisədə 80-dən çox fəal oyun yaradılıb. Burada onlar özlərini yanğınsöndürən, həkim, polis, gözəllik salonu ustası və ya astronavt kimi sınaya, özlərində faydalı vərdişlər inkişaf etdirə bilərlər. Güclü təəssüratlara can atanların “VR Park”a yollanıb virtual aləmə baş vurmaq fürsəti olacaq.

Yayda qış mövsümünü yaşamaq istəyənlər Dubay buz meydanına yollanmalıdırlar. Olimpiya stadionu böyüklüyündə olan buz meydanı həm naşı, həm də təcrübəli konkisürənlərə unudulmaz təəssüratlar vəd edir. “Ski Dubai” kompleksi də qış mövsümünə xas əyləncələr təklif edir. Burada xizək və snoubord sürmək, pinqvinlərlə “söhbətləşmək” olar.

Uçma hissini yaşamaq istəyənlər “City Centre Mirdif” mərkəzinə gedib xüsusi tuneldə 10 metr yüksəkliyə qalxmalı və “iFLY Dubai” attraksionunu sınamalıdırlar. Akril divarları olan bu attraksion ticarət mərkəzində yerləşən dünyada ilk ikiqat şaquli aeroborudur.

İllüziyalar Muzeyi optik və sensor illüziyalar aləminə baş vurmaq imkanı verir. Səksəndən çox interaktiv ekspozisiya təklif edən bu muzeyin ən böyük filialı Dubayda yerləşir.

Qeyri-adi hisslər keçirmək istəyənlərə isə yeni “TEPfactor” interaktiv oyunu təklif olunur. Bu oyun əqli və fiziki qabiliyyətlərin maksimum cəmləşdirilməsini tələb edir. Oyunun şərtlərinə görə, iştirakçılar 4 kateqoriyaya bölünmüş maneələri aşmalıdırlar. Maneələri aşmaq üçün onlara fiziki güc, fərasət, komanda şəklində işləmək və mürəkkəb vəziyyətlərdə qərar qəbul etmək bacarığı lazımdır. Tapşırıqlara tapmacalar, intellektual oyunlar, cəsarətli, səbirli olmaq və müvazinəti itirməmək bacarığını göstərmək daxildir.

Dünyanı öyrənən yeniyetmələr və azyaşlılar üçün interaktiv maarifləndirici məkanlar təşkil edilib. "Mirdiff City Centre”də yerləşən “Orbi” parkı BBC telekanalının kontenti əsasında yaradılıb və SEGA şirkətinin müasir texnologiyaları ilə təchiz edilib. Parkda vəhşi təbiətə yaxın olub planetimizin tarixini öyrənmək imkanları təqdim olunur. 2-11 yaşlı uşaqlar isə müasir avadanlığın köməyi ilə xüsusi immersiv sensor mühitinin yaradıldığı “OliOli” eksperimental zonasında təxəyyüllərini işə sala bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.