MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrında “Qızıl balıq”ın premyerası olub

Bakı, 4 iyun, AZƏRTAC

Gənc Tamaşaçılar Teatrında Pərvinin “Qızıl balıq ” (A.S.Puşkinin “Balıqçı və balığın nağılı” əsərinin motivləri əsasında) pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.

Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir. Səhnə tərtibatı Reyhan Aslanova və Şahin Hüseynliyə aiddir. Tamaşada əsas rolları Əməkdar artistlər Elnur Hüseynov, Zemfira Əbdülsəmədova, aktyorlar Ədalət Əbdülsəmədov, Nuriyə Əliyeva, Asya Atakişiyeva, İlahə Əmirxanova, İmran Qurbanov, Nuranə Hüseynova, Könül Əbilova, Xaliq Bəkirov və Nurlan Süleymanlı canlandırıblar.

Böyük rus ədibi A.S.Puşkinin 220 illik yubileyinə həsr olunmuş səhnə əsəri balacaların marağına səbəb olub. Quruluşçu rejissor Elşad Rəhimzadə tamaşadan öncə balacalara və onların valideynlərinə müraciət edib: “Əziz valideynlər, uşaqlar. İnanırıq gördüyümüz iş sizlərin ürəyinizcə olacaq. Xüsusən valideynlər ona fikir verməlidirlər ki, mərhəməti, gözü toxluğu tərənnüm edən bu klassik əsər gənc nəslin tərbiyə olunmasında xüsusi əhəmiyyətə malikdir. Ona görə də balacaları teatra gətirmək, bu cür əsərlərlə tanış etmək son dərəcə mühümdür.”

Şən rəqslərlə, su aləmini ifadə edən musiqi nömrələri ilə müşayiət olunan səhnə əsərini balacalar sevgi ilə qarşılayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.