CƏMİYYƏT


Gürcüstanda milli azlıqlar üçün yeni staj layihəsi həyata keçiriləcək

Tbilisi, 20 mart, AZƏRTAC

Gürcüstanda milli azlıqlar üçün nəzərdə tutulmuş “1+4” proqramı çərçivəsində gənclərin və tələbələrin dövlət idarə və müəssisələrində təcrübə keçmələri məqsədilə yeni layihə hazırlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İlya Dövlət Universitetində etnik azlıq nümayəndələri olan tələbələrlə keçirilən görüşdə bildirilib.

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müavini Liya Qiqauri gürcü dilinin “1+4” tədris və təcrübə proqramı ilə bağlı məlumat verib.

Yüzdən çox tələbənin iştirak etdiyi mərasimdə bildirilib ki, "1+4" proqramından faydalanan gənclər dövlət qurumlarında, mərkəzi və yerli özünüidarəetmə orqanlarında 1 aydan 6 aya qədər təcrübə keçə biləcəklər.

Nazir müavini bildirib ki, Vətəndaş Azadlığı və İnteqrasiya üzrə Dövlət Strategiyasının prioritetlərindən biri etnik azlıqların vətəndaşlıq fəaliyyətinin gücləndirilməsidir. Bu baxımdan son illərdə çox vacib addımlar atılıb. Nazirliyin təşəbbüsü və dəstəyi ilə "1+4 Təhsil Proqramı" artıq pilot rejimi keçib.

Onun sözlərinə görə, tələbələrin təcrübə proqramına marağı hər il artır. Ona görə ki, bu, hər bir gəncin praktiki bacarıqlarını inkişaf etdirmələri üçün bir imkandır. Eyni zamanda, bu, onların gələcək karyeraları üçün bir körpüdür, çünki tələbələrin müxtəlif kafedralardakı praktik mühitlərdə əldə etdikləri təcrübələr əvəzolunmazdır. Təcrübə proqramını keçmiş gənclər, xüsusən də təhsil sistemində işləyə bilmək bacarığı əldə ediblər. Bu barədə bir sıra nümunələrimiz var. Tələbələrimiz yüksək motivasiya və peşəkarlıqlarını göstərdilər və bu staj proqramında adları çəkilən qurumların özləri tələbələrimizin təcrübə biliklərinə hazır olduqlarını nümayiş etdiriblər.

Görüşün sonunda tələbələrə təcrübə proqramının imkanları və qaydaları barədə məlumat verilib, gəncləri maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Tədbirdə İlya Dövlət Universitetinin prorektoru Nino Doborjqinidze, barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Kvemo Kartli üzrə müşaviri Ayaz Məmmədov, nazirliyin şöbə müdiri Eliso Lomidze, Barış Fondunun rəhbəri Giorgi Tusian iştirak ediblər.

Məlumat üçün qeyd edək ki, Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının Gürcüstan nümayəndəliyi və Milli Xidmət Bürosunun birgə təşkilatçılığı ilə etnik azlıq nümayəndələri üçün təcrübə keçmək layihəsi həyata keçirir. Layihənin məqsədi gənclərin məşğulluğunu inkişaf etdirmək, onların nüfuzunu və vətəndaş inteqrasiyasını daha da gücləndirməkdir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.