SİYASƏT


Gürcüstanın Dmanisi rayonunda yaşayan azərbaycanlılarla görüş olub

Tbilisi, 3 aprel, AZƏRTAC

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov aprelin 3-də Dmanisi rayonuna gəlib.

AZƏRTAC xəbər verir ki, F.Muradov burada Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş "Dmanisi təhsil mərkəzi"nin fəaliyyəti ilə tanış olub, yerli icma nümayəndələri ilə görüşüb.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Dmanisi rayon İcra başçı Giorgi Tatuaşvili, Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Kaxa Koberidze, Gürcüstan parlamentinin deputatı Kaxaber Okriasvili, Gürcüstanın Xarici İşlər və Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət nazirliyinin məsul əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Fuad Muradov çıxış edərək Azərbaycan ilə Gürcüstan arasındakı dostluq əlaqələrindən danışıb. Bildirib ki, bu yaxınlarda Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycana etdiyi səfər münasibətlərimizin daha da inkişafına təkan verib.

F.Muradov Gürcüstan Baş naziri, Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri ilə keçirilən görüşlər barədə məlumat verib. Komitə sədri Gürcüstanda yaşayan azərbaycanlıların inteqrasiyası istiqamətində görülən işlərdən danışıb. O, Komitə tərəfindən hazırlanmış və həyata keçirilən layihələr barədə də ətraflı məlumat verib. Bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımız da bu layihələrdən faydalanacaqlar.

Gənclər üçün yay düşərgəsi, Marneulidə yaradılmış Gənclərin İnteqrasiya Mərkəzi və digər sosial layihələrin xüsusilə faydalı olduğunu qeyd edib.

Komitə sədri xaricdə yaşayan soydaşlarımız üçün Azərbaycan dili və tarixi kitablarınin yeni variantının hazırlandığını bildirib.

Sonra çıxış edən Gürcüstan parlamentinin deputatı Kaxa Okriasvili bu ölkədə yaşayan insanların bərabər hüquqlu olduqlarını bildirib. Qanunla onların hüquqlarının tam qorunduğunu qeyd edib.

Xarici işlər nazirliyinin məsul əməkdaşı Tamar Tevdoradze ölkələrimiz arasındakı münasibətlərin inkişaf etdiyini, bu cür görüşlərin əlaqələrin daha da inkişaf etməsində mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Digər çıxış edənlər Azərbaycan ilə Gürcüstan arasındakı dostluq əlaqələrinin inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.