İQTİSADİYYAT


İİTKM-in yeni “Video icmal”ı ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunub

Bakı, 12 iyul, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 50 ilinin tamam olması ilə əlaqədar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən “Video icmal” hazırlanıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, videoçarxda Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi əvəzsiz dahi şəxsiyyət, dünya şöhrətli böyük siyasətçi Heydər Əliyevin hakimiyyətinin 50 illik tarixinin uğur salnaməsi hər bir mərhələ üzrə təqdim olunub. Qeyd olunub ki, Ulu Öndərin rəhbərliyi ilə hər bir mərhələ üzrə həyata keçirilən böyük işlər nəticəsində bu gün güclü və modern Azərbaycan Respublikası mövcuddur.

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycana rəhbərliyi sovet dövründə, 1969-cu il iyulun 14–də Azərbaycan Kommunist partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməklə başlayıb. Həmin dövrdə ardıcıl sosial-iqtisadi islahatlar, dayanıqlı inkişafı təmin edəcək qanunvericilik bazasının yaradılması Azərbaycanın iqtisadi inkişafına təkan verib. Azərbaycan qısa müddətdə Sovet İttifaqında ən qabaqcıl respublikasına çevrilib. Ulu Öndərin gərgin əməyi hesabına ölkəmizdə sənaye, kənd təsərrüfatı sürətlə inkişaf edib. Ümummilli lider Heydər Əliyevin 13 il ərzində gördüyü işlər nəticəsində azərbaycanlıların sosial rifahı yaxşılaşıb. Azərbaycan miqyasına sığmayan istedadı və təcrübəsi dahi şəxsiyyət Heydər Əliyevin sovet rəhbərliyinə yüksəlməsi ilə nəticələnib.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən ulu öndər Heydər Əliyev, eyni zamanda, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunub və SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib. Həmin dövrdə belə Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı önəmli qərarlar qəbul edib. Ulu Öndərin SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı gənc göndərilib.

Daha sonra ümummilli lider Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrdən istefa verib və Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

Müdrik lider 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edib. Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.

Müstəqilliyin ilk illəri Azərbaycanda siyasi xaosun, idarəetmədə boşluğun, iqtisadi geriləmənin, işsizlik və yoxsulluğun yüksək həddinin, hiperinflyasiyanın hökm sürdüyü bir vaxtda ulu öndər Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıdıb. O 1993-cü il iyunun 15-də Ali Sovetinin sədri, oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilib. Bununla da Azərbaycanda ictimai-siyasi sabitlik təmin edilib və "Əsrin müqaviləsi” imzalanandan sonra ölkədə yeni iqtisadi modelin əsası qoyulub.

“Video icmal”da, həmçinin qeyd olunub ki, ümummilli lider Heydər Əliyev Azərbaycana sabitlik gətirib. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir. Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır.

“Video icmal”la iqtisadiislahat.org saytındakı “İcmallar” bölməsindən, həmçinin qeyd olunan link vasitəsi ilə tanış olmaq olar: http://iqtisadiislahat.org/vreview

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.