REGİONLAR


İmişlidə 17 ton barama istehsalı nəzərdə tutulub

İmişli, 12 iyun, Mahir Babayev, AZƏRTAC 

Bu il İmişlidə 17 ton barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə 425 qutu (8 min 75 qram) ipəkqurdu toxumu gətirilərək müqavilə bağlanılmış kümçülərə paylanılıb.

Respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər rayon baramaçılarının bu sahəyə marağını xeyli artırıb. Əgər ötən il İmişlidə 134 ailə ipəkqurdu bəsləyirdisə, bu il onların sayı 156-ya çatıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il 10 ton 87 kiloqram barama istehsal olunub. İpəkçilər bu il istehsalı artıraraq 17 tona çatdırmağı qarşıya məqsəd qoyublar. Bununla bağlı kümçülər üçün bütün zəruri şərait yaradılıb.

Artıq bir neçə gündür ki, rayonda barama tədarükünə başlanılıb. Kümçülər qısa müddətdə tədarük məntəqəsinə 5 ton 46 kiloqram məhsul təhvil veriblər. Barama tədarükündə rayonun Oruclu, Cəfərli, Gödəktala və Telişli kəndlərinin kümçüləri fərqlənirlər.

Oruclu kənd sakini Tacir Qaraşov ötən il 105 kiloqram barama istehsal edərək 945 manat gəlir götürüb. Kümçü bu il 2,5 qutu ipəkqurdu toxumu bəsləyib və bu günə kimi 107 kiloqram barama tədarük edib. Kümçünün dediyinə görə, hələ toplanmamış məhsulu çoxdur. Bundan sonra daha 25 kiloqramdan çox məhsul tədarük edə biləcək.

Qeyd edək ki, ötən il kümçülər istehsal etdikləri baramanın hər kiloqramından 9 manat gəlir əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.