SİYASƏT


Mariya Orlik: Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi lideri olub

Kiyev, 12 iyun, AZƏRTAC

Heydər Əliyev təkcə Azərbaycan üçün yox, eyni zamanda, ukraynalılar üçün çox işlər görüb.

Bu fikri AZƏRTAC-a açıqlamasında Ukrayna siyasətinin canlı əfsanəsi, SSRİ dövründə deputat olmuş, Ukrayna Nazirlər Kabinetinin sabiq müavini, hazırda Ukrayna Qadınlar Birliyinin sədri vəzifəsində çalışan Mariya Orlik söyləyib.

Heydər Əliyevlə ilk dəfə 1979-cu ildə Bakıda görüşdüyünü deyən 89 yaşlı Mariya Orlik Ulu Öndərlə bağlı xatirələrini bölüşərək bildirib: “1979-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışan zaman Bakıda Ukrayna ədəbiyyat və mədəniyyət günləri keçirilirdi. Mən Ukrayna nümayəndə heyətinin rəhbəri kimi Azərbaycana səfər etdim. Həmin vaxt Ukraynadan Azərbaycana 400-dən çox nümayəndə getmişdi. Bakıda böyük konsert keçirildi, sonra Heydər Əliyevlə görüşümüz oldu. Onun insanlara münasibəti, savadlı nitqi bizi heyran etmişdi”.

Ulu Öndərlə ikinci görüşünün onun SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı zaman baş tutduğunu deyən Mariya Orlik bildirib ki, o dövrdə Heydər Əliyev Ukraynanın inkişafı üçün bir çox sənədlərə imza atıb: “Ukraynada o dövrdə 80-dən çox mədəniyyət obyektinin tikintisi başa çatdırılmamışdı. Onların siyahısını tutaraq SSRİ Nazirlər Kabinetinə apardım. Məni Heydər Əliyev qəbul etdi və problemi dinlədi. Onun humanist addımı o dövrdə Ukrayna rəhbərliyini yaxşı mənada təəccübləndirdi. Heydər Əliyev həmin obyektlərin hamısında tikintilərin başa çatdırılmasına dair sənədi imzaladı”.

Mariya Orlik Heydər Əliyevlə üçüncü görüşünün isə 2001-ci ildə Bakıda baş tutduğunu söyləyib. “2001-ci ildə Bakıda GUAM ölkələri qadınlarının birinci forumu keçirilirdi. Ukrayna qadınlarının nümayəndə heyətinin rəhbəri kimi Azərbaycana səfər etdim. Prezident Heydər Əliyev forum iştirakçılarını qəbul etdi. Maraqlı müzakirələr aparıldı. Həmin görüşdə də çıxışım zamanı vurğulamışdım ki, Heydər Əliyevin hələ SSRİ dövründə gördüyü işlər müstəqil Azərbaycanın güclənməsi üçün böyük baza yaratmışdı”.

“Heydər Əliyev böyük fenomendir. Onun irsi böyük bir məktəbdir. Heydər Əliyevin qoyub getdiyi irs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2004-cü ildə Azərbaycana səfərim zamanı beynəlxalq qadın forumu çərçivəsində Prezident İlham Əliyevlə görüşümüz oldu. Onun analitik düşüncəsi, xalqına bağlılığı mənə atasını xatırlatdı. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi lideri olub”, - deyə Mariya Orlik bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.