İDMAN


Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb

Bakı, 20 aprel, AZƏRTAC

Aprelin 20-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb.

AZƏRTAC xəbər verir ki, turnirdə 20 ölkədən 130-a yaxın gənc bədii gimnast öz qüvvəsini sınayır.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarında əsasən, bu turnirdə yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edirlər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparırlar. İki gün davam edəcək yarışlarda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, Avropa Çempionatı 2018-in gənclər arasında bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edirlər.

Mayın 16-dan 19-dək paytaxtımızda keçiriləcək Avropa çempionatından əvvəl iştirakçılar üçün sınaq mərhələsi olacaq bu turnirdə gimnastlar öz güclərini bir daha yoxlayacaqlar. Bu da onlara öz proqramlarını mükəmməlləşdirmək üçün bir şans olacaq.

Qeyd edək ki, turnirin ilk günündə fərdi proqramda və qrup hərəkətlərində çoxnövçülük üzrə qaliblər müəyyənləşəcək. Bununla yanaşı, ayrı-ayrı alətlər üzrə mükafatlar uğrunda aprelin 21-də mübarizə aparacaq gimnastların adları məlum olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.