MƏDƏNİYYƏT


Milli Kitabxanada 10 yaşlı şairin kitablarının təqdimatı olub

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə 10 yaşlı şair Sevindik Nəsiboğlunun “Dünyamsan Azərbaycan” və “Hərdən uçmaq istəyirəm” adlı kitablarının təqdimatı olub. Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq belə istedadlı gənclərdə elmə, təhsilə, mütaliəyə həvəsin olduğunu görəndə çox sevindiyini, qürurlandığını bildirib. O gənclərin kitabxanaya axınını, mütaliəyə marağın artdığını söyləyib.

Kitabxananın direktoru qeyd edib ki, on yaşlı Sevindik həm mütaliə edir, həm də yazır. Bu yaşda iki şeir kitabının çap olunması çox təqdirəlayiqdir. Kərim Tahirov söyləyib ki, illər keçəcək Sevindik bundan daha yaxşı yazacaq, vətəninə, xalqına layiqli bir övlad, vətənpərvər vətəndaş olacaq, Azərbaycan ədəbiyyatının görkəmli bir nümayəndəsinə çevriləcək.

Direktor Azərbaycan Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə layihəsi olan Açıq Kitabxanada tez –tez məktəb yaşlı uşaqlarla görüşlərin, istedadlı gənc yazarların kitab təqdimatlarının keçirildiyini söyləyib, dövlətin gənclərə diqqət və qayğısından danışıb.

ADPU-nun kafedra müdiri, uşaq yazıçısı Zahid Xəlil Milli Kitabxanada istedadlı bir gəncin kitabının təqdimatının keçirilməsində iştirak etdiyinə görə şad olduğunu bildirib. O deyib: “Bu iki kitabı oxudum və gördüm ki, Sevindik ədəbiyyatda addımlarını düz atır, doğru yoldadır. Onun şeirlərində vətənpərvərlik duyğuları çox yüksəkdir”.

Professor Rafiq Yusifoğlu hər iki kitabın çap olunması və təqdimatı münasibətilə təbriklərini bildirib və Sevindik Nəsiboğlunun gələcəkdə yeni-yeni kitablarının çap olunmasını arzuladı.

Digər çıxış edənlər də Sevindiyin çox böyük fitri istedada malik olduğunu, şeirlərində poetik bir üslub olduğunu, vətənpərvərlik üslubunda yazdığını bildiriblər.

Tədbirin sonunda on yaşlı şair yaradıcılığından“Zəngəzur” şeirini oxuyub, gələcək planlarından danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.