ELM VƏ TƏHSİL


Norveçdə elektrik mühərriki ilə işləyən amfibiya təyyarə havaya qalxıb

Stokholm, 23 aprel, AZƏRTAC 

Norveçdə elektrik mühərriki ilə işləyən amfibiya təyyarə havaya qalxıb.

AZƏRTAC Norveç KİV-lərinə istinadla xəbər verir ki, “Equator Aircraft” şirkətinin təcrübəvi “P2 Xcursion” elektrik amfibiya təyyarəsi ilk dəfə olaraq Norveçin “Eggemoen” texnoloji parkı üzərində havaya qalxıb.

Ondəqiqəlik uçuş yalnız elektrik enerjisi istifadə olunmaqla aparılıb. Şirkətin məlumatına görə, “P2 Xcursion” yeni qurğusu ştat rejimində işləyib, həmçinin dizaynın bundan sonra yaxşılaşdırılmasında istifadə oluna biləcək göstəricilər əldə edilib.

Çəkisi 100 kiloqram olan, ionlu-litiumlu batareyalarla qidalanan 97 kVt-lıq gücə malik elektrik mühərrikli prototipin uçuşu təyyarəyə ümumilikdə 35 dəqiqə müddətində uçmaq imkanı verib. Bununla yanaşı, “Equator Aircraft” şirkətində bəyan ediblər ki, daha sonuncu versiyalar səmada 105 dəqiqə qala bilər. Elektrik təminatı məqsədilə “Energio” generatoru və “Wankel” dizel mühərriki qoşulacağı təqdirdə, təyyarə 6 saat müddətində uçuş həyata keçirə bilər.

Təyyarəni işləyib hazırlayanların sözlərinə görə, “P2 Xcursion” elə layihələndirilib ki, o, təkcə əlçatan deyil, həm də iki adamı və kiçik baqajı apara biləcək qeyri-adi tutumlu kabinaya malikdir. “P2 Xcursion” təyyarəsinin əsas göstəriciləri baxımından çəkisi 750 kiloqramdır, bununla belə o, əlavə olaraq 240 kiloqram yük daşımaq qabiliyyətinə malikdir. Mühəndislər 130 dəniz mili (təxminən 241 kilometr-saat) maksimal kreyser sürətinə söz verirlər, uçuş məsafəsi isə təqribən 1565 kilometr təşkil etməlidir.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.