CƏMİYYƏT


Ölkəmizdə əlilliyin qiymətləndirilməsi sahəsində qurulan elektron sistem beynəlxalq səviyyədə yüksək dəyərləndirilir

Bakı, 12 iyun, AZƏRTAC 

Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas istiqamətlərindən biri də əlillik təyinatı prosesində şəffaflığın və obyektivliyin təmin edilməsidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, bu məqsədlə nazirlik tərəfindən əlilliyin qiymətləndirilməsi üzrə yaradılan elektron sistem (e-sistem) müasir texnologiyaların tətbiqi nəticəsində əldə olunan uğurlu təcrübələrdən biri kimi beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir.

Avropa regionu üzrə təşkil edilən “Yaxşı Təcrübə” müsabiqəsinin nəticələrinə əsasən, ötən ay Beynəlxalq Sosial Təminat Assosiasiyasının əlilliyin qiymətləndirilməsi üzrə Azərbaycanın elektron sistemini xüsusi mükafatla təltif etməsi də bunu göstərir.

Həmin e-sistem əlilliyin qiymətləndirilməsinin məmur-ekspert təması olmadan həyata keçirilməsinə imkan verir.

Hər hansı vətəndaşın əlilliyinin qiymətləndirilməsi səhiyyə müəssisəsi tərəfindən e-sistemə daxil edilən göndəriş əsasında aparılır. Göndəriş e-sistemə daxil edildikdən sonra əlilliyi qiymətləndiriləcək şəxsi, göndərişi rəsmiləşdirən səhiyyə müəssisəsini, onu təsdiq edən şəxsləri müəyyən etməyə imkan verən bütün məlumatlar avtomatik olaraq adsızlaşdırılır.

Beləliklə, yalnız göndərişdə əksini tapan xəstəlik məlumatı əsasında əlillik təyin edilib-edilməməsinə dair qərar qəbul edilir ki, bu da prosesin şəffaflığını və obyektivliyini təmin edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.