RƏSMİ SƏNƏDLƏR


“Patent haqqında”, “Reklam haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 13-cü, 20-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. “Patent haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 414; 2004, № 7, maddə 505; 2006, № 2, maddə 64; 2009, № 12, maddə 951; 2012, № 7, maddə 644; 2013, № 3, maddə 211, № 12, maddə 1481; 2018, № 4, maddə 635) 2-ci maddəsinin mətni 2.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 2.2-ci maddə əlavə edilsin:

“2.2. Ələt azad iqtisadi zonasında ixtiraların, faydalı modellərin və sənaye nümunələrinin yaradılması, hüquqi mühafizəsi və istifadəsi ilə əlaqədar yaranan münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

Maddə 2. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812; 2016, № 11, maddə 1755, № 12, maddə 1996; 2017, № 3, maddə 334, № 5, maddələr 675, 748, № 6, maddə 1029, № 7, maddə 1307, № 12, I kitab, maddə 2230) aşağıdakı məzmunda 1.3-cü maddə əlavə edilsin:

“1.3. Ələt azad iqtisadi zonasında reklamın sifarişi, istehsalı, yayımı, istehlakı ilə bağlı yaranan münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

Maddə 3. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 1013; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 1, maddə 6, № 3, maddə 226, № 4, maddə 280; 2000, № 7, maddə 489; 2001, № 11, maddə 686, № 12, maddə 736; 2002, № 5, maddələr 241, 248; 2003, № 1, maddələr 1, 16, № 12, I kitab, maddə 673; 2006, № 8, maddə 657; 2007, № 8, maddə 745, № 10, maddə 938; 2008, № 2, maddə 49, № 5, maddə 348; 2010, № 4, maddə 276; 2013, № 11, maddə 1283; 2014, № 4, maddə 333, № 10, maddə 1156; 2016, № 12, maddə 2014; 2017, № 6, maddə 1057; 2018, № 2, maddə 156) 2-ci maddəsinə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin:

“4. Ələt azad iqtisadi zonasında sahibkarlıqla bağlı münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

Maddə 4. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 890; 2016, № 3, maddə 428, № 11, maddə 1768, № 12, maddə 2016; 2017, № 5, maddə 739; Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1247-VQD nömrəli və 12 oktyabr tarixli 1269-VQD nömrəli qanunları) aşağıdakı məzmunda 2.2-2-ci maddə əlavə edilsin:

“2.2-2. Ələt azad iqtisadi zonasında sahibkarlıq sahəsində aparılan yoxlamalar “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

Maddə 5. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 81; 2005, № 4, maddə 278; 2007, № 10, maddə 938; 2008, № 11, maddə 957; 2014, № 4, maddə 332, № 10, maddə 1167; 2017, № 5, maddə 721) aşağıdakı dəyişikliklər edilsin:

1.1. preambulanın ikinci hissəsinə “Azərbaycan Respublikası ərazisində” sözlərindən sonra “(Ələt azad iqtisadi zonasının ərazisi istisna olmaqla)” sözləri əlavə edilsin;

1.2. 4-cü maddəyə aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

“3. Ələt azad iqtisadi zonasında texniki təhlükəsizlik sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2018-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin