CƏMİYYƏT


Qadınlar üçün “Liderlik təlimatı” adlı vəsait hazırlanıb

Bakı, 15 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə əməkdaşlığı nəticəsində daxili siyasətdə təmsil olunan qadınlar üçün “Liderlik təlimatı” adlı vəsait hazırlanıb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, vəsait bələdiyyələrdə, yerli icra hakimiyyəti orqanlarında, özəl şirkətlərdə çalışan qadınların şəxsi keyfiyyətlərini inkişaf etdirməyə dəstəkdir.

“Liderlik təlimatı” vəsaiti ali təhsil ocaqlarında təhsil alan tələbələrə və elmi araşdırma sahələrində fəaliyyət göstərən alimlərə yardımçı ola bilər. Bu vəsait təlimçilər üçün də faydalı olacaq.

Vəsaitdə liderlik, liderliyin tərzləri, liderlik xüsusiyyətləri, qadın hüquqları, yerli səviyyədə qadın iştirakçılığı, təşviqat və ictimai məlumatlandırma, hüquqi mexanizmlər, praktik məşğələ-liderlik dəyərləri və digər məsələlər əks olunub. Ümumiyyətlə, vəsait qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi məqsədilə hazırlanıb. “Liderlik təlimatı” vəsaitinin müəllifləri isə ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin eksperti (Cənubi Qafqazda Yaxşı Yerli Özünü İdarəetmə Proqramı) Fidan Qasımova və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru Elgün Səfərovdur. Təlimatın hazırlanmasında Almaniya Federativ Respublikasının, Fransanın, Böyük Britaniyanın və digər dövlətlərin təcrübələrindən istifadə edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Cənubi Qafqazda Yaxşı Yerli Özünüidarəetmə Proqramı” çərçivəsində qadın hüquqlarının müdafiəsi istiqamətində birgə vacib maarifləndirmə tədbirləri keçirir. Xüsusilə də, regionlarda yerli qərarvermə proseslərində gender bərabərliyinin təmin edilməsi, qadın bələdiyyələrin təlimləndirilməsi məqsədilə seminarlar və “dəyirmi masa”lar təşkil olunur. Bu isə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət qadın siyasətinin ayrılmaz hissələrindən biridir. Xüsusilə, yerli özünüidarəetmənin (bələdiyyələrin) inkişafı və qadın hüquqlarının müdafiəsi istiqamətində aparılan işlər bunun tərkib hissəsinə daxildir. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə insan hüquqlarının müdafiəsi istiqamətində vacib addımlar atılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.