REGİONLAR


Qaxda keçirilən Respublika Şahmat Olimpiadasında 551 idmançı mübarizə aparır

Qax, 12 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Qax Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasına start verilib. Azərbaycan Şahmat Federasiyasının, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda respublikamızın 58 şəhər və rayonunu təmsil edən 551 şahmatçı mübarizə aparır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 12-də şahmat olimpiadasının rəsmi açılış mərasimi keçirilib.

Mərasimdən əvvəl ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla yad edilib.

Olimpiadanın açılış mərasimində Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov çıxışlarında ölkəmizdə şahmatın inkişafına göstərilən yüksək dövlət qayğısından bəhs edib, yarış iştirakçılarına uğurlar arzulayıblar.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov şahmat olimpiadasının Qaxda keçirilməsinin heç də təsadüfi olmadığını, bu diyarın güclü şahmat ənənələri olduğunu, Qaxın Aynur Sofiyeva, Pərvanə İsmayılova, Xanım Balacayeva kimi tanınmış şahmatçılar yetişdirdiyini diqqətə çatdırıb.

Turnirin baş hakimi, beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılov şahmat olimpiadasının qaydaları barədə məlumat verib. Bildirilib ki, olimpiada İsveçrə sistemi üzrə 11 turdan ibarət olaraq FIDE qaydalarına əsasən keçirilir və şəxsi-komanda xarakteri daşıyır. Şahmatçılar A və B qrupları üzrə yarışırlar. A qrupunda 11-16 yaşlarında, B qrupunda isə 10 yaşadək şahmatçılar mübarizə aparırlar. A qrupunda 290, B qrupunda isə 261 şahmatçı yarışır.

Bədii proqramdan sonra yarışlara start verilib.

Şahmat olimpiadası iyulun 21-dək davam edəcək. Olimpiadanın qaliblərinə Gənclər və İdman Nazirliyinin diplom və medalları, Şahmat Federasiyasının pul mükafatları təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.