REGİONLAR


Qəbələdə Novruz şənlikləri maraqlı tədbirlərlə yaddaqalan olub

Qəbələ, 20 mart, Mustafa Dadaşov, AZƏRTAC

Tarixi min illərlə ölçülən, mənəvi irsimizi, mədəni dəyərlərimizi, milli xarakter və düşüncəmizi, həyat tərzimizi özündə ehtiva edən Novruz bayramı Qəbələdə yüksək əhval-ruhiyyə ilə qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatrlaşdırılmış bayram tədbirinin əvvəlində ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqud Novruz tonqalını alovlandıraraq el-obanı birliyə, həmrəyliyə səsləyib. Dədə Qorqud və yazın müjdəçisi olan Bahar qızı xalqımıza ruzi-bərəkət, əmin-amanlıq arzulayıblar.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev qəbələliləri bayram münasibətilə təbrik edib, onlara xoş arzularını bildirib.

Sonra rayon rəhbərliyi və qonaqlar Novruzun özünəməxsus xüsusiyyətlərini və milli adət-ənələrimizi özündə əks etdirən sərgilərlə tanış olublar. Sərgilərdə rayonun xalq sənətkarları tərəfindən hazırlanan əl işləri, dekorativ tətbiqi-sənət və rəsm nümunələri, eləcə də Qəbələdəki emal müəssisələrində istehsal olunan sənaye və ərzaq məhsulları nümayiş etdirilib.

Bayram tədbirində sərgilənən çoxəsrlik etnoqrafik maddi mədəniyyət nümunələri, qədim milli adət-ənənələrimizi özündə əks etdirən eksponatlar və digər əşyalar tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Tədbirdə mədəniyyət müəssisələrinin kollektivləri tərəfindən hazırlanan müxtəlif milli oyunlar və folklor nümunələri nümayiş etdirilib, yeniyetmə və gənc idmançılar, pəhləvanlar öz məharətlərini göstəriblər. Novruzun personajları olan Kosa və Keçəlin zarafatları tamaşaçılarda xoş ovqat yaradıb. Bum qəsəbə Yaradıcılıq evinin “Zopu-zopu” folklor kollektivinin çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.