MƏDƏNİYYƏT


Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib

Bakı, 20 aprel, AZƏRTAC

Aprelin 20-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 23 Aprel – Milli Suverenlik və Uşaq Gününə həsr olunmuş “Kitabın işığın olsun” adlı tədbir keçirilib. Tədbir Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin birgə layihəsi çərçivəsində reallaşıb.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan və Türkiyə dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

TİKA-nın Bakı nümayəndəliyinin əlaqələndiricisi Teoman Tiryaki çıxışında Türkiyə və Azərbaycan yazarlarını salamlayaraq deyib: “Uşaqlar bizim gələcəyimizdir və biz bütün diqqətimizi onlar üzərində qururuq. Üzərində çalışdığımız bir çox layihələri sərvətimiz olan uşaqların inkişafına yönəldirik”.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxışında deyib: “Bu kitabların yayılmasında az da olsa bizim də payımız vardır. Metodiki mərkəz olaraq bizim üzərimizə düşən məsuliyyət uşaq kitablarının təbliğatını apramaqdır”.

Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Mahmut Ağırman bildirib ki, mühəndislər, iqtisadçılar çox fərqli işlər görə bilərlər, amma kitabın işıq, işığın da kitab olması çox anlamlı bir işdir. Azərbaycan və Türkiyə yazarlarının kitablarını uşaqlara tanıtmaq çox qürurvericidir: “Uşaqların dünyasına enə bilərsən, amma televiziyadan, internetdən daha çox kitabları uşaqlara sevdirə bilsək o zaman biz bacardıq deyə bilərik. Biz uşaqlara kompüter, mobil telefon verməklə onları xoşbəxt edə bilmərik. Ən vacibi onlara kitabları tanıtmağımız bizim ən ümdə məqsədimiz olmalıdır”.

Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim çıxışında bildirib ki, keçən il “kitab tutan əllər”lə, bu gün isə “kitabin işıq olsun” layihəsi ilə başlayıb. Artıq bunun ənənəyə çevrildiyini söyləyən Ə. Tecim hər dəfə dəyərli əsərlərlə balaca oxucularını sevindirəcəyini qeyd edib. “Qloballaşmanın çox sürətlə getdiyi bir zamanda kitab oxumaq əyləncəsi çox önəmlidir, çünki kitab oxuyan, özünü oxuyur, özünü oxuyan isə dünyanı oxuyur”, - deyə bildirib.

Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd, uşaqlarda kitaba və mütaliəyə olan marağı artırmaq, onların xarakterlərinin formalaşmasında uşaq ədəbiyyatının əvəzsiz rolunu qeyd etmək və türk xalqlarının mədəniyyətini təbliğ etməkdir. Qeyd olunub ki, mənəvi tellərlə bir-birinə bağlı olan türk xalqlarının qloballaşan dünyada birliyini nümayiş etdirmələri olduqca vacibdir.

Tədbirdə, türk uşaq yazarlarından Vural Kaya, Bestami Yazğan, Yavuz Bahaduroğlu, Azərbaycan yazıçılarından Əziz Sultanovun müəllifləri olduqları 10 adda kitab iştirakçı uşaqlara hədiyyə olunub.

Tədbir musiqili proqramla davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.