SİYASƏT


Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Meksikada da qeyd olunub VİDEO

Vaşinqton, 12 iyun, AZƏRTAC 

28 May - Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi Meksikada təntənəli şəkildə qeyd edilib.

Tədbirdə Meksika Federal Hökumətinin rəsmiləri, deputatlar, mədəniyyət və din xadimləri, işgüzar, elmi-akademik dairələrin, kütləvi informasiya vasitələrinin, diplomatik korpusun nümayəndələri, Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Azərbaycanın Meksikadakı müvəqqəti işlər vəkili Məmməd Talıbov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışaraq onun Şərqin ilk demokratiyası olduğunu deyib. O, Azərbaycan xalqının hələ 1918-ci ildə mütərəqqi və qabaqcıl düşüncə nümayiş etdirərək müstəqil, demokratik və dünyəvi dövlət qurduğunu, bütün vətəndaşlara bərabər hüquqların təmin etdiyini vurğulayıb. Diplomat 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının qarşılaşdığı çətinliklər, o cümlədən Ermənistanın təcavüzünə baxmayaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ardıcıl, uzaqgörən və müdrik siyasəti nəticəsində ölkəmizin yenidən ayağa qalxıb qüdrətləndiyini deyib. O, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının bütün sahələrdə dinamik inkişafa nail olduğunu qeyd edib, ölkəmizin beynəlxalq arenada artan nüfuzundan danışıb.

Diplomat, həmçinin Azərbaycanın təşəbbüsü ilə uğurla həyata keçirilən qlobal miqyaslı iqtisadi layihələrdən söhbət açıb.

Azərbaycanda müxtəlif mədəniyyətlərin və dinlərin bir yerdə əsrlərlə heç bir ayrı-seçkiliyə məruz qalmadan birlikdə yaşadığını qeyd edən diplomat ölkə rəhbərliyinin bu sahəyə ayırdığı xüsusi diqqət nəticəsində Azərbaycanın multikulturalizm və mədəniyyətlərarası dialoqun dünya miqyaslı mərkəzlərindən birinə çevrildiyini deyib. O, bu il həm də Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyinin qeyd edildiyini bildirərək Azərbaycan diplomatiyasının dərin ənənələr üzərində qurulduğunu vurğulayıb. Müvəqqəti işlər vəkili müstəqil Azərbaycanın tanıdılması və nüfuzunun daha da artması, onun üzləşdiyi təcavüzkar erməni siyasətinin ifşa edilməsinin diplomatik xidmət orqanlarımızın qarşısında duran önəmli məsələlərdən olduğunu vurğulayıb.

Diplomat Azərbaycan ilə Meksika arasında münasibətlərin daim dostluq və əməkdaşlıq ruhunda olduğunu qeyd edib. O, Xarici İşlər naziri Elmar Məmmədyarovun 2018-ci ilin sonunda Prezident Lopez Obradorun andiçmə mərasimində iştirakı məqsədilə Mexikoya səfərini xatırladıb, bunun ölkələrimiz arasında dostluq münasibətlərinin daha bir göstəricisi olduğunu bildirib.

Sonra çıxış edən Xarici Əlaqələr Katibliyi Avropa baş idarəsinin rəisi Bernardo Agilar Kalvo Respublika Günü və diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Meksika hökuməti adından Azərbaycan xalqına təbriklərini və xoş arzularını çatdırıb. O, coğrafi baxımdan bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, Meksika ilə Azərbaycan arasında daim dostluq münasibətlərinin mövcud olduğunu, müxtəlif sahələrdə səmərəli əməkdaşlığın həyata keçirildiyini deyib. Bernardo Agilar Kalvo ölkələrimiz arasında siyasi məsləhətləşmələr mexanizminin mövcudluğunu da vurğulayıb. O, Azərbaycanı müasirliyi və bərabər hüquqları təşviq edən böyük iqtisadi baxışa malik, bir çox ölkələr üçün nümunə ola biləcək qardaş bir ölkə adlandırıb. Xarici Əlaqələr Katibliyinin rəsmisi hər iki ölkənin geostrateji regionlarda yerləşdiyini və logistik mərkəzlərə çevrilə biləcəyini bildirib, Meksika hökumətinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Tədbirdə meksikalılardan ibarət yerli “İpək Yolu” rəqs qrupunun ifasında Azərbaycan milli rəqsləri təqdim olunub.

Bundan başqa, qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim olunub, ölkəmiz haqqında videomateriallar nümayiş etdirilib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.