CƏMİYYƏT


Tibb Universitetinin komandası Rusiyada keçirilən yarışda yüksək nəticə göstərib

Bakı, 24 may, AZƏRTAC

Rusiyanın Stavropol Dövlət Tibb Universitetinin təşkilatçılığı ilə tibb tələbələrinin “VI Beynəlxalq Asklepiy 2019” Olimpiadası keçirilib. Olimpiadada Rusiyanın müxtəlif şəhərlərinin və Çin Xalq Respublikasının Harbin və Haynan tibb universitetlərinin 17 komandası ilə yanaşı, Azərbaycan Tibb Universitetinin “AMU fires” (“ATU alovları”) komandası da iştirak edib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin ilk günü nümayəndə heyətimizi Stavropol Dövlət Tibb Universitetinin rektoru, professor Vladimir Koşel qəbul edib. Universitetlər arasındakı ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirən rektor bu yaxınlarda Stavropolda keçiriləcək “Tələbə baharı” festivalı haqqında geniş məlumat verib. O, ATU-nun komanda üzvlərinin tibb karyerasına aid planları ilə maraqlanaraq təmsilçilərimizə yarışda uğurlar arzulayıb.

Olimpiadanın əsas mövzusu müxtəlif bədbəxt hadisələr və qəzalar zamanı həkiməqədər ilkin tibbi və təxirəsalınmaz yardımın göstərilməsi ilə bağlı idi. Olimpiadanın birinci günü iştirakçılar “Tibbi biatlon", “Təcili yardım otağı", “Kapitanların müsabiqəsi”, “Musiqili müsabiqə”, növbəti gündə isə “Fövqəladə vəziyyətdə və bədbəxt hadisə zamanı təxirəsalınmaz yardımın göstərilməsi” kimi tapşırıqları yerinə yetiriblər.

Olimpiada meşədə yerləşən “Lesnaya polyana” düşərgəsində keçirilib. Tibb Universitetinin komandası olimpiadada yaxşı nəticə göstərərək “Ən yaxşı psixoloji yardımın göstərilməsi” nominasiyasında fəxri fərmana layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.