ELM VƏ TƏHSİL


UNEC-də vahid tələbə kartı tətbiq olunacaq

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Vahid tələbə kartı”nın təqdimatı keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov rəhbərlik etdiyi ali məktəbdə layihə ilə bağlı iki il öncədən hazırlıqlara başlanıldığını diqqətə çatdıraraq, UNEC-in Mərkəzi Bank tərəfindən pilot universitet kimi seçildiyi üçün bankın rəhbərliyinə təşəkkürünü bildirib. “Vahid tələbə kartı”nın üstünlüklərindən danışan Ə.Muradov bildirib ki, tələbələr eyni kartla təhsil müəssisəsinə və kitabxanaya giriş əldə etməklə yanaşı, təqaüdlərin alınmasında, nəqliyyatda, habelə ölkədaxili və xarici ticarət şəbəkələrində nağdsız ödənişlər apara biləcəklər.

Mərkəzi Bankın idarə heyəti sədrinin birinci müavini Alim Quliyev layihənin ilk dəfə məzunu olduğu Azərbaycan Dövlət İqtisad Universitetində tətbiqindən məmnunluğunu ifadə edərək, bu ali təhsil müəssisəsinin son illər innovativ layihələri ilə ölkənin aparıcı ali təhsil müəssisələrindən biri olduğunu vurğulayıb. Alim Quliyev Azərbaycan Prezidentinin 26 sentyabr tarixli Fərmanı ilə təsdiqlənən “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın strateji istiqamətləri və icra tədbirləri barədə danışıb. Bildirib ki, Dövlət Proqramı çərçivəsində təsdiqlənən tədbirlər planına əsasən, təhsil müəssisələrinin nağdsız ödənişə cəlb olunması prioritet istiqamətlərdən biri kimi seçilib. Alim Quliyev tələbələr arasında smart kartlardan istifadənin müasir ödəniş mədəniyyətinə malik yeni nəslin yetişməsinə və ölkədə rəqəmsal ödəniş mühitinin formalaşmasına dəstək olacağını vurğulayıb.

Sonra Mərkəzi Bankın strateji partnyoru, rəqəmsal ödənişlər sahəsində geniş təcrübəyə malik “Mastercard” şirkətinin regional direktoru Süleyman Sözeri vahid tələbə kartları haqqında təqdimatla çıxış edib. Şirkət rəsmisi qonşu dövlətlərin tətbiq etdiyi tələbə smart kartları və bu istiqamətdə beynəlxalq təcrübəni paylaşıb.

Təqdimatdan sonra təkliflər səsləndirilib və suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.