SİYASƏT


YAP xalqın istək və arzularının nəticəsi olaraq tarixi zərurətdən yaranıb

Bakı, 10 noyabr, AZƏRTAC

Noyabrın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatının IX konfransı keçirilib. Konfrans nümayəndələri əvvəlcə ulu öndər Heydər Əliyevin Naftalan şəhərindəki abidəsini ziyarət edərək önünə tər gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Konfrans Naftalan şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Yeni Azərbaycan Partiyasının fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev VIII konfransdan ötən dövr ərzində görülən işlərdən və nailiyyətlərdən bəhs edən hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, YAP Naftalan şəhər təşkilatı ümummilli lider Heydər Əliyevin ideyalarını, ölkə Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq şəhərin inkişaf etməsi üçün lazımi tədbirləri davam etdirib. Əvvəlki illərlə müqayisədə şəhər təşkilatı Gənclər Birliyinin, Qadınlar Şurasının işi daha da genişləndirilib, partiyanın maarifçilik işi gücləndirilib.

Qeyd edilib ki, hazırda təşkilatın 1226 nəfər üzvü 37 ərazi ilk partiya təşkilatında birləşib. Hesabat məruzəsində qeyd olunub ki, VIII konfransdan keçən müddət ərzində 240 nəfər partiya sıralarına qəbul edilib.

Sonra YAP Naftalan şəhər təşkilatının nəzarət-təftiş qrupunun üzvü Anar Əsədzadənin hesabat məruzəsi dinlənilib. Məruzələr ətrafında rayon təşkilatının Qadınlar Şurasının üzvü Kəmalə Hüseynova, Gənclər Birliyinin sədri Aynurə Novruzova çıxış ediblər.

Tədbirdə çıxış edən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov bildirib ki, YAP-ın yaranması ilə respublikamızın ictimai-siyasi həyatında yeni tarixi mərhələnin əsası qoyulub: “Ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP özünü bütün mənalarda təsdiqləyərək yeni tarixin yeni çalarlarını özündə birləşdirməyi bacarıb. Ulu Öndərin davamçısı Prezident İlham Əliyevin möhkəm təməl üzərində qurulan Yeni Azərbaycan Partiyasına rəhbərliyi dövründə daha böyük əzmkarlıq və yaradıcılıq nümayiş etdirilib. Partiyanın sosial bazası əhəmiyyətli dərəcədə güclənib”.

Natiq Aslanov YAP Naftalan şəhər təşkilatının şəhərin ictimai-siyasi həyatında fəal şəkildə iştirak etdiyini diqqətə çatdıraraq bildirib ki, bu gün ümumxalq partiyasına çevrilən YAP-ın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi partiyanın tərəfdarlarının sayının artmasına səbəb olub. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə YAP-ın yaranma tarixindən, ölkəmizin ictimai-siyasi həyatındakı rolundan, keçdiyi şərəfli inkişaf yolundan söhbət açıb. Qeyd edib ki, YAP Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda xalqın istək və arzularının nəticəsi olaraq tarixi zərurətdən yaranıb. Partiya yarandığı ilk gündən ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərərək milli müstəqilliyimizin qorunmasına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, iqtisadiyyatımızın inkişaf etdirilməsinə layiqli töhfələrini verib: “Məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti parçalanmaqdan, anarxiya, xaos və tənəzzüldən xilas olaraq bugünkü yüksək inkişaf səviyyəsinə gəlib çıxdı. Nail olduğumuz müstəqillik bu gün möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində daha da möhkəmlənib və əbədilik qazanıb”.

Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün ölkəmizdə qazanılan bütün nailiyyətlər dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Azərbaycanı Cənubi Qafqazın lideri etməklə yanaşı, beynəlxalq müstəvidə də nüfuzunu əhəmiyyətli dərəcədə artırıb, ölkəmizi sülh və sabitlik adasına çevirib.

YAP mərkəzi aparatının məsul işçisi Rafael Gülməmmədov partiyanın yaranmasını zərurətə çevirən amillərdən, həmin dövrdə ölkəmizdə mövcud olmuş ağır ictimai-siyasi vəziyyətdən bəhs edib. O bildirib ki, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası öz ətrafında cəmiyyətin bütün təbəqələrindən olan insanları birləşdirib. Bu gün YAP ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu daha da möhkəmləndirir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə partiyanın uğurları getdikcə daha da artır.

Sonda hesabat məruzəsi ətrafında hazırlanmış qətnamə oxunaraq qəbul edilib. Eyni zamanda, təşkilati məsələlərə baxılıb. YAP Naftalan şəhər təşkilatının idarə heyəti, 19 nəfərdən ibarət şurası və 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu, Hatəm Qocayev isə yenidən YAP Naftalan şəhər təşkilatının sədri seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.