CƏMİYYƏT


Yasamal rayonu 2017-ci ili uğurla başa vurub

Bakı, 10 fevral, AZƏRTAC

Yasamal Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında 2017-ci ildə rayonun sosial-iqtisadi inkişafına yekun vurulub.

Toplantını açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, keçən il respublikamızda olduğu kimi, Bakının Yasamal rayonunda da davamlı sosial-iqtisadi inkişaf təmin edilib, bir sıra layihələr uğurla həyata keçirilib. Ötən il dövlət büdcəsindən Yasamal rayonuna 3 milyon 275 min manat vəsait ayrılıb, çoxmənzilli yaşayış binalarının təmiri üzrə 346, abadlıq və təmizlik işləri üzrə 293 nəfər rayon sakini işlə təmin edilib. Yeni iş yerlərinin açılması ilə eyni zamanda, təmirə ehtiyacı olan 10 çoxmənzilli yaşayış binasında təmir işləri aparılıb. Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli qərarına əsasən 2016-2020-ci illərdə Yasamal rayonu ərazisində qəzalı vəziyyətdə olan 19 yaşayış binasının mərhələli şəkildə sökülüb yenidən tikilməsi ilə əlaqədar işlər davam etdirilir. Həmçinin 821 mənzilli 19 yaşayış binasının və 228 fərdi yaşayış evinin, cəmi 1049 mənzil və fərdi yaşayış evinin sökülərək yeni layihələr üzrə 302536 kvadratmetr ümumi sahəsi olan 3372 mənzilin tikilməsi nəzərdə tutulur.

Hazırda Abbas Mirzə Şərifzadə küçəsi 86 və 122 nömrəli yaşayış evlərinin tikinti-quraşdırma işləri başa çatdırılıb, mənzillərdə təmir-tamamlama işləri aparılır. Yaxın vaxtlarda yaşayış evləri sakinlərin istifadəsinə veriləcək.

Bakı şəhərinin hələ SSRİ dövründə bir neçə dəfə təsdiq olunmuş Baş Planında paytaxtın ən böyük problemlərindən biri “Sovetski” adlanan ərazidən sakinlərin köçürülməsi olub, lakin çox böyük vəsait tələb olunduğundan bu məsələ öz müsbət həllini tapmayıb. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həllini tapan, 2014-cü ilin əvvəlindən başlayaraq davam edən irimiqyaslı tarixi layihənin ilk iki mərhələsi artıq reallaşdırılıb. 26 hektardan çox ərazidə istifadə müddəti hələ xeyli əvvəl başa çatmış, heç bir tikinti normalarına cavab verməyən və demək olar ki, bütünlüklə yararsız və qəzalı mənzillərin sahibləri ilə razılaşma əldə edilərək vəsait ödənilib, 4300 daşınmaz əmlak sökülərək ərazi təmizlənib. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq və Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar “Sovetski” adlanan ərazidə müasir yeni yol infrastrukturu istismara verilib, ərazidə böyük həcmdə abadlıq-quruculuq işləri həyata keçirilməyə başlanıb. Hazırda Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar işlər davam etdirilir. Burada 9814 ünvanda ölçü işləri aparılıb. “Sovetski” ərazisində Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar söküntüyə məruz qalmış Hacı Cavad məscidinin Mətbuat prospektində daha münasib və mükəmməl layihə əsasında, görünüş etibarilə göz oxşayan məscidin yeni binası inşa olunur. Tikinti işləri artıq başa çatdırılıb, hazırda tərtibat işləri icra olunur. Məscidin yaxın zamanda dindarların istifadəsinə verilməsi nəzərdə tutulur.

Hesabat göstəricilərinə yekun vuran icra başçısı qeyd edib ki, əldə olunmuş uğurlar yeni nailiyyətlər üçün möhkəm zəmin yaradıb. Bu il aprelin 11-də ölkəmiz və xalqımız üçün çox əhəmiyyətli olan prezident seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyasının VI qurultayı Prezident İlham Əliyevin bu seçkilərdə namizədliyini irəli sürüb. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə yüksək nailiyyətlər əldə olunub. Bu reallıqlar Prezident İlham Əliyevin siyasi reytinqini daha da artırıb. Qarşıdan gələn seçkilərdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyənlər növbəti yeddi ildə özünün və ailəsinin firavanlığına səs verəcəklər.

Toplantıda digər çıxış edənlər də rayonun sosial-iqtisadi inkişafında əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər.

Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev və deputat Ülvi Quliyev ölkəmizdə aparılan genişmiqyaslı tədbirlər barədə məlumat veriblər. İclasda qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.

Müzakirələrdən sonra cari ilin konkret hədəflərini əks etdirən qərar qəbul olunub. Toplantı iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq, yasamallıların quruculuq əzmi ifadə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.