CƏMİYYƏT


"Bəbirləri mühafizə edək!" düşərgəsi çərçivəsində futbol çempionatı təşkil edilib

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 19-21-də IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, Lənkəran Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ənənəvi "Bəbirləri mühafizə edək" ekoloji yay düşərgəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, düşərgədə Lənkəran, Astara, Lerik və Masallı rayonlarından 60-a yaxın məktəbli iştirak edib.

Düşərgənin ilk günü iştirakçılar bəbirlərin həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə edib, bu nadir canlı növünün qorunması mövzusunda seminarlarda, bəbirlərin populyasiyasının azalma səbəbləri ilə bağlı təqdimatda, o cümlədən müxtəlif ekoloji müsabiqələrdə, biomüxtəlifliklə bağlı bilik yarışmalarında iştirak ediblər. Həmçinin məktəblilərə təbiət fotoqrafı və rejissoru Adrian Stern tərəfindən çəkilən "Dünyanın ən çox axtarılan bəbiri" sənədli filmi nümayiş olunub.

Düşərgənin ikinci və üçüncü günlərində iştirakçılar arasında futbol çempionatı keçirilib. Oyunda Lənkəran, Lerik, Masallı və Astara rayonları üzrə 11-ci sinif şagirdlərindən ibarət 3 komanda iştirak edib. Həm qız, həm də oğlanlardan ibarət olan komandalar arasında üç oyun keçirilib. Final oyununun nəticəsi olaraq Lerik komandası çempionatın qalibi olub.

Çempionatın sonunda qalib komandaya kubok və medallar, bütün düşərgə iştirakçılarına sertifikat və xatirə hədiyyələri təqdim edilib.

IDEA İctimai Birliyinin təşəbbüsü ilə ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr mütəmadi əsaslarla 2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrdə Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl, Lerik, Qəbələ, İsmayıllı rayonlarından ümumilikdə 500-ə yaxın məktəbli iştirak edib.

Həyata keçirilən düşərgələrin məqsədi gənclərin ekoloji sahədə maarifləndirilməsi, onlarda təbiətə qayğı hissinin inkişaf etdirilməsi, Qafqaz bəbirlərinin məskunlaşdığı yerlərin yaxınlığında yaşayan məktəblilərin bu nadir növ haqqında məlumatlandırılması və onun mühafizəsi işinin təbliğ edilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.