CƏMİYYƏT


Ayaz Məmmədov: Azərbaycanlı tələbələrin Gürcüstan cəmiyyətinə inteqrasiyası bizim üçün prioritet məsələlərdəndir

Tbilisi, 20 mart, AZƏRTAC

Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin Gürcüstan cəmiyyətinə inteqrasiyası bizim üçün vacib və prioritet məsələlərdəndir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin Kvemo Kartli bölgəsi üzrə müşaviri Ayaz Məmmədov söyləyib.

Müşavir deyib ki, keçən il Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə mütəmadi olaraq bölgələrdə “1+4 Təhsil Proqramı” çərçivəsində silsilə tədbirlər keçirilib. Bu da, şübhəsiz ki, ölkənin müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı və digər etnik azlıqların marağına səbəb olub.

“Başlıca məqsədimiz bölgələrdəki dövlət idarə və müəssisələrində gənclərimizin təcrübə proqramından yetərincə yararlanması və gələcəkdə dövlət və hökumət strukturlarında onların işlə təmin olunmasıdır. “Düşünürəm ki, gənclərimizin “1+4 Təhsil Proqramı”nda fəal iştirakı onların Gürcüstan cəmiyyətinə inteqrasiyasına ciddi təkan verib və hər bir tələbə üçün həyat dərsi olub”, – deyə A.Məmmədov vurğulayıb.

Onun sözlərinə görə, gələcəkdə azərbaycanlı tələbələrin hakimiyyət strukturlarında işlə təminatı təcrübə proqramları zamanı onların zəngin təcrübə biliklərinə sahib olmasından asılıdır. Bu, digər etnik azlıq nümayəndələri olan tələbələrə də aiddir.

A.Məmmədov bildirib ki, tələbə və gənclər dövlətin hakimiyyət orqanlarında təcrübə keçməkdə maraqlıdır. Bu maraq onları daha yaxşı təhsil almağa və xüsusilə, dövlət dilini kifayət qədər öyrənməyə sövq etdirir.

Dövlət nazirliyinin başlıca məqsədlərindən də söz açan müşavir deyib: “Nazirliyin məqsədi etnik azlıqların Gürcüstan cəmiyyətinə inteqrasiyasını gücləndirmək, onların cəmiyyətdə fəallığını artırmaq, dövlətin xarici və daxili siyasətinin məram və məqsədləri barədə əldə etdikləri təcrübəni geniş ictimaiyyətə çatdırmaq, Gürcüstanın hər sahədə inkişafına təkan vermək, gənclərin təhsili istiqamətində həyata keçirilən islahatlarda fəal iştirakına nail olmaqdır”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.