RƏSMİ SƏNƏDLƏR


Azərbaycan Respublikasının Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRAR
№ 189
 
Bakı şəhəri, 26 aprel 2019-cu il

“Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında

“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının

         Baş Naziri                                               Novruz Məmmədov

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 aprel
tarixli 189 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi

1. Ümumi müddəalar

1.1. Bu Nümunəvi Nizamnamə “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 5.5-ci maddəsinə uyğun olaraq, xüsusi peşə təhsili müəssisələrinin fəaliyyətini tənzimləmək üçün onların nizamnamələrinin hazırlanması və dövlət qeydiyyatından keçirilməsi məqsədilə hazırlanmışdır.

1.2. Bu Nümunəvi Nizamnamə xüsusi peşə təhsili müəssisəsinin (bundan sonra - peşə təhsili müəssisəsi) nizamnaməsinin hazırlanmasında əsas hesab olunur.

1.3. Peşə təhsili müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, əmək bazarının tələbatına uyğun peşələr öyrədən, əlavə təhsil verən və ictimai-faydalı əməyə şüurlu münasibəti tərbiyə edən publik hüquqi şəxsdir. Peşə təhsili müəssisəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən yaradılır.

1.4. Peşə təhsili müəssisəsi Nazirliyin tabeliyində qapalı tipli təlim-tərbiyə müəssisəsi kimi fəaliyyət göstərir.

1.5. Peşə təhsili müəssisəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının “Publik hüquqi şəxslər haqqında”, “Təhsil haqqında”, “Peşə təhsili haqqında” qanunlarını və digər normativ hüquqi aktlarını, Nazirliyin əmr və sərəncamlarını, öz nizamnaməsini rəhbər tutur.

1.6. Peşə təhsili müəssisəsi müstəqil balansa, istifadəsində olan əmlaka, banklarda hesablara, üzərində Nazirliyin, həmçinin özünün adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, peşə təhsili müəssisəsinin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Peşə təhsili müəssisəsi məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.8. Peşə təhsili müəssisəsinin nizamnaməsi Nazirlik tərəfindən təsdiq edilir.

1.9. Peşə təhsili müəssisəsinin nizamnaməsində edilən dəyişikliklər təhsil müəssisəsinin Pedaqoji Şurasında müzakirə edilərək, bu Nümunəvi Nizamnamənin 1.8-ci bəndi ilə müəyyən edilmiş qaydada təsdiq edilməsi üçün aidiyyəti üzrə təqdim edilir.

1.10. Peşə təhsili müəssisəsində məhkəmənin qərarı əsasında aşağıdakı yetkinlik yaşına çatmayanlar təhsilə cəlb olunurlar:

1.10.1. ağır və ya xüsusilə ağır cinayət törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış şəxslər;

1.10.2. cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmış az ağır cinayət törədən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 89.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən cəzadan azad edilmiş şəxslər.

1.11. Bu Nümunəvi Nizamnamənin 1.10.2-ci yarımbəndində qeyd olunmuş şəxslər peşə təhsili müəssisəsinə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada göndərilirlər.

1.12. Peşə təhsili müəssisəsinin adı və hüquqi ünvanı onun nizamnaməsində göstərilir.

2. Peşə təhsili müəssisəsinin fəaliyyətinin
məqsədi və istiqamətləri

2.1. Peşə təhsili müəssisəsi aşağıdakı məqsədlərə xidmət edir:

2.1.1. yetkinlik yaşına çatmayanların ümumi təhsillə yanaşı, əmək fəaliyyəti ilə məşğul olmalarına imkan verən sahələr üzrə peşə təhsili almalarını təmin etmək;

2.1.2. yetkinlik yaşına çatmayanları ictimai həyata hazırlamaq üçün onlara peşə bacarıqlarını aşılamaq;

2.1.3. yetkinlik yaşına çatmayanların peşə ixtisası almasını və ixtisaslarının daim artırılmasını təmin etmək;

2.1.4. təşəbbüs və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri biliklərə və praktik bacarıqlara yiyələnən yetkinlik yaşına çatmayanlardan müasir təfəkkürlü və rəqabətqabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq;

2.1.5. yetkinlik yaşına çatmayanların davranışının korreksiyasını və cəmiyyətə uyğunlaşmasını, o cümlədən onların tibbi, psixoloji və sosial reabilitasiyasını təmin etmək;

2.1.6. yetkinlik yaşına çatmayanların şəxsi inkişafını təmin etmək, onları Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının adət və ənənələrinə hörmət edən, ümumbəşəri dəyərləri qoruyan, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil, yaradıcı düşünən vətəndaş və şəxsiyyət kimi yetişdirmək;

2.1.7. kollektiv daxilində birgə fəaliyyət və ünsiyyət mədəniyyətini, təbiətə və insanlara həssas münasibəti, özünün və digərlərinin hüquqlarına hörmət hissini aşılamaq;

2.1.8. sağlamlığın qorunması istiqamətində gigiyenik tələblərə və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək.

2.2. Peşə təhsili müəssisəsinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. ümumi orta təhsil bazasını bitirməmiş yetkinlik yaşına çatmayanlara ümumi orta təhsilin verilməsi;

2.2.2. yetkinlik yaşına çatmayanlara iqtisadiyyatın müxtəlif sahələri üzrə peşə təhsilinin verilməsi;

2.2.3. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsinin təmin edilməsi;

2.2.4. təhsilalanlarda sahibkarlıq düşüncə tərzinin formalaşdırılması, onlara müasir qeyri-standart yanaşma və sahibkarlıq bacarıqlarının aşılanması istiqamətində nəzəri məlumatların və praktiki bacarıqların öyrədilməsi;

2.2.5. təhsilalanların ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlanması.

3. Peşə təhsili müəssisəsinin vəzifə və hüquqları

3.1. Peşə təhsili müəssisəsinin vəzifələri aşağıdakılardır:

3.1.1. peşə təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

3.1.2. müvafiq peşə ixtisası üzrə təhsil proqramlarını həyata keçirmək və təhsil mühitinin yaradılmasını təmin etmək;

3.1.3. tələbə qəbulu ilə bağlı təklifləri müəyyən edilmiş formada və müddətdə Nazirliyə təqdim etmək;

3.1.4. əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrlar hazırlamaq, hər bir təhsilalanın mədəni, mənəvi inkişafını təmin etmək, müvafiq ixtisas üzrə təhsil ehtiyaclarını ödəmək;

3.1.5. tədris prosesini təşkil etmək, yeni təhsil texnologiya-larından istifadə etməklə, tədris prosesində innovasiyaların tətbiqinə şərait yaratmaq;

3.1.6. mühəndis-pedaqoji heyətin ixtisasının artırılması və heyətin yenidənhazırlanma prosesinə cəlb olunması üçün müvafiq tədbirlər görmək;

3.1.7. peşə təhsili müəssisəsi işçilərini yetkinlik yaşına çatmayanların saxlanılması rejiminin əsas tələbləri və təlim-tərbiyə işlərinin xüsusiyyətləri ilə tanış etmək;

3.1.8. yetkinlik yaşına çatmayanların istehsalat sahələrində müxtəlif peşələrin öyrədilməsi işinə metodiki yardım göstərmək;

3.1.9. işçilərin yetkinlik yaşına çatmayanlarla bağlı xüsusi rejimin tələblərinə riayət etmələrinə nəzarəti həyata keçirmək;

3.1.10. müəssisənin ərazisinin mühafizəsini təmin etmək;

3.1.11. təhsilalanların istehsalat avadanlıqları, alətləri, qurğuları ilə ehtiyatlı davranmalarını, materiallardan, elektrik enerjisindən qənaətlə istifadə etmələrini, istehsalat işlərini keyfiyyətlə və vaxtında yerinə yetirmələrini, eləcə də texniki təhlükəsizlik və daxili qaydalara riayət etmələrini təmin etmək;

3.1.12. yetkinlik yaşına çatmayanların saxlanması üçün təhlükəsiz yaşayış şəraitinin yaradılmasını, onların mənfi təsirlərdən qorunmasını təmin etmək;

3.1.13. yetkinlik yaşına çatmayanların müəssisənin ərazisini icazəsiz tərk etmələrinə və ya kənar şəxslərin müəssisənin ərazisinə sərbəst daxil olmalarına yol verməmək;

3.1.14. peşə təhsili müəssisəsinə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.15. peşə təhsili müəssisəsinin istifadəsində olan əmlakın saxlanmasını, qorunmasını və ondan səmərəli istifadə olunmasını təmin etmək məqsədilə lazımi tədbirlər görmək;

3.1.16. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.17. peşə təhsili müəssisəsində mühəndis-pedaqoji işçilərin və təhsilalanların təhlükəsizliyini təmin edən tədbirlərin yerinə yetirilməsinə nəzarət etmək;

3.1.18. peşə təhsili üzrə məlumat bazasının formalaşdırılması üçün Nazirliyin müəyyən etdiyi məlumatları təqdim etmək;

3.1.19. “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulmaq;

3.1.20. sağlamlıq imkanları məhdud olan şəxslərin inklüziv təhsilini təşkil etmək;

3.1.21. Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarına uyğun olaraq tibb, iaşə və psixoloji xidmətləri təşkil etmək;

3.1.22. Nazirliyin müəyyən etdiyi formada fəaliyyətinə dair Nazirliyə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə (bundan sonra – Agentlik) hesabatlar və məlumatlar vermək;

3.1.23. maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində işlər görmək;

3.1.24. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;

3.1.25. peşə təhsili müəssisəsinin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciət-ləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.26. inzibati xəta və cinayət əlamətləri aşkar etdikdə, aidiyyəti üzrə məlumat vermək;

3.1.27. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

3.1.28. Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarından irəli gələn, habelə peşə təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Peşə təhsili müəssisəsinin hüquqları aşağıdakılardır:

3.2.1. peşə təhsilinə dair normativ hüquqi aktların, bu sahənin inkişafı üzrə səriştələrə əsaslanan, nəticəyönlü dövlət təhsil standartlarının və kvalifikasiyalara uyğun təhsil proqramlarının (kurikulumların) hazırlanmasında iştirak etmək;

3.2.2. peşə və ixtisaslara uyğun dərsliklərin, tədris-metodiki vəsaitlərin hazırlanmasında və nəşr edilməsində iştirak etmək;

3.2.3. yuxu üçün ayrılmış vaxt da daxil olmaqla, yetkinlik yaşına çatmayanlara daimi nəzarəti həyata keçirmək;

3.2.4. peşə təhsili müəssisəsində saxlanılması qadağan edilən əşyaları aşkar etmək məqsədilə ərazidə, yataq, məişət və digər otaqlarda vaxtaşırı yoxlamalar aparmaq;

3.2.5. yetkinlik yaşına çatmayanların müayinəsinə nəzarət etmək, onlara gələn məktubları, bağlamaları və digər poçt göndərişlərini (yetkinlik yaşına çatmayanın müdafiəsi məqsədilə və ya qanuni əsaslarla ona hüquqi yardım göstərən digər şəxslərlə yazışmalar istisna olmaqla) nəzərdən keçirmək;

3.2.6. yetkinlik yaşına çatmayanları hüquqazidd əməllərdən, zərərli vərdişlərdən çəkindirmək məqsədilə müvafiq tədbirlər həyata keçirmək;

3.2.7. daxili işlər orqanları ilə birlikdə təhsil müəssisəsindən yayınmış yetkinlik yaşına çatmayanların axtarışını təşkil etmək;

3.2.8. model sənaye müəssisələrinin işində iştirak etməklə, sahibkarlıq və innovasiya fəaliyyətini həyata keçirmək;

3.2.9. innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.2.10. əlavə gəlir əldə etmək məqsədilə öz nizamnaməsi çərçivəsində profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq, təhsilin prioritetliyini əsas götürməklə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;

3.2.11. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.12. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.13. Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarından irəli gələn, habelə peşə təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Peşə təhsili müəssisəsinin idarə olunması

4.1. Peşə təhsili müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsas tutulmaqla, Azərbaycan Respublikasının “Təhsil haqqında”, “Peşə təhsili haqqında” və “Publik hüquqi şəxslər haqqında” qanunlarına və öz nizamnaməsinə uyğun olaraq idarə edilir.

4.2. Peşə təhsili müəssisəsinin təsisçisi Nazirlikdir.

4.3. Nazirliyin aşağıdakı səlahiyyətləri vardır:

4.3.1. peşə təhsili müəssisəsinin nizamnaməsinin və strukturunun təsdiqi;

4.3.2. peşə təhsili müəssisəsinin nizamnamə fondunun müəyyən edilməsi;

4.3.3. inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiqi;

4.3.4. qanunvericiliyə uyğun olaraq müəssisənin icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləş-dirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

4.3.5. peşə təhsili müəssisəsi tərəfindən təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə razılıq verilməsi;

4.3.6. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə publik hüquqi şəxsə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faizini və daha çox hissəsini təşkil etdikdə) bağlanılmasına razılıq verilməsi;

4.3.7. peşə təhsili müəssisəsinin yenidən təşkili və ləğv edilməsi barədə təklif verilməsi.

4.4. Peşə təhsili müəssisəsinin ali idarəetmə orqanı Pedaqoji Şuradır. Pedaqoji Şuranın tərkibinə müəssisənin direktoru (Pedaqoji Şuranın sədri), tədris-tərbiyə və istehsalat işləri üzrə direktor müavini, baş usta, müəllimlər, istehsalat təlimi ustaları daxildir. Pedaqoji Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Nazirliyin təsdiq etdiyi müvafiq əsasnamə və peşə təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

4.5. Peşə təhsili müəssisəsində metodiki işləri gündəlik həyata keçirmək məqsədilə fənlər (modullar) və peşələr üzrə metodiki komissiyalar yaradılır. Müəllimlər üçün metodiki komissiya iclasları, seminarlar və fərdi metodiki işlər təşkil edilir.

4.6. Peşə təhsili müəssisəsinin cari fəaliyyətinə rəhbərliyi direktor həyata keçirir. Direktor Nazirliklə razılaşdırılmaqla Agentlik tərəfindən təyin olunur.

4.7. Direktor:

4.7.1. peşə təhsili müəssisəsinin cari fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün şəxsən məsuliyyət daşıyır;

4.7.2. peşə təhsili müəssisəsini dövlət orqanları və təşkilatları ilə, digər yerli və beynəlxalq qurumlarla münasibətlərdə təmsil edir;

4.7.3. peşə təhsili müəssisəsinin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.7.4. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Nazirliyə təkliflər verir və sənədlər (o cümlədən, peşə təhsili müəssisəsinin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim edir;

4.7.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində ştat cədvəlini, xərclər smetasını Nazirliklə razılaşdırmaqla təsdiq edir;

4.7.6. daxili intizam qaydalarını və işçilərin vəzifə təlimatlarını təsdiq edir;

4.7.7. peşə təhsili müəssisəsinin işçilərinin həvəsləndirilməsinə və intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul edir;

4.7.8. peşə təhsili müəssisəsinin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir;

4.7.9. Pedaqoji Şuranın qərarlarını təsdiq edir, onun və digər idarəetmə orqanlarının qərarlarını həyata keçirir;

4.7.10. peşə təhsili müəssisəsinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.7.11. Pedaqoji Şuranın qarşısında elm və tədris məsələlərinə dair, Himayəçilər Şurasının (yaradıldıqda) qarşısında peşə təhsili müəssisəsinin cari fəaliyyətinə dair hesabatlar verir;

4.7.12. peşə təhsili müəssisəsinin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin əməkhaqqı fondu çərçivəsində və müəyyən edilmiş qaydada verilməsini təşkil edir;

4.7.13. peşə təhsili müəssisəsinin əmlakından bu Nümunəvi Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir, bu Nümunəvi Nizamnamənin 3.1.14-cü yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

4.7.14. bu Nümunəvi Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində peşə təhsili müəssisəsinin adından əməliyyatlar aparır, müqavilələr (o cümlədən, Nazirliyin razılığı ilə təhsil müəssisəsinin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri peşə təhsili müəssisəsinin aktivlərinin 5 faizini və daha çox, həmçinin 5 faizədək hissəsini təşkil edən əqdi) bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.7.15. fəaliyyət istiqamətləri ilə bağlı komissiyalar və işçi qruplar yaradır;

4.7.16. fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.7.17. kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.7.18. müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir;

4.7.19. kənar auditorun yoxlamalarının nəticələrinə dair tədbirlər görür;

4.7.20. peşə təhsili müəssisəsinin cari fəaliyyəti ilə bağlı, habelə digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri həll edir.

4.8. Peşə təhsili müəssisəsində direktor müavinləri Nazirliklə razılaşdırılmaqla, Agentlik tərəfindən təyin olunurlar. Direktor olmadıqda, peşə təhsili müəssisəsinin fəaliyyətinə rəhbərliyi Agentlik tərəfindən müəyyən edilən direktor müavini həyata keçirir.

4.9. “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq, peşə təhsili müəssisəsi təlim proqramını (kurikulumu) mənimsəmiş, dövlət buraxılış imtahanlarını müvəffəqiyyətlə vermiş təhsilalanlara peşə təhsili pilləsində təhsil haqqında dövlət sənədi verir.

4.10. Peşə təhsili müəssisəsinə qəbul məhkəmənin qərarı əsasında yerli icra hakimiyyəti orqanları yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın göndərişinə müvafiq olaraq peşə təhsili müəssisəsi tərəfindən həyata keçirilir.

4.11. Təhsilalanların, təhsilverənlərin, peşə təhsili müəssisə-sinin inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat və digər heyətinin hüquq və vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunları, peşə təhsili müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, eləcə də peşə təhsili müəssisəsi ilə əmək münasibətləri olan şəxslərə münasibətdə eyni zamanda əmək müqavilələri ilə tənzimlənir.

5. Peşə təhsili müəssisəsinin nizamnamə fondu,
əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Peşə təhsili müəssisəsinin nizamnamə fondu______(____) manatdır.

5.2. Peşə təhsili müəssisəsinin əmlakı nizamnamə fondundan, ona Nazirlik tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət büdcəsindən və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və öz nizamnaməsi ilə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşdırılır.

5.3. Peşə təhsili müəssisəsi təhsilalanlar üçün yaşayış və tədris binalarına, yardımçı təsərrüfata, iaşə avadanlığına, idman meydançasına, idman zalına, istehsalat emalatxanalarına, sanitariya qovşaqlarına, kitabxana, oxu zalı, klub, mövcud normativlərə uyğun təchiz olunmuş tibb məntəqəsi, yeməkxana, yataqxana, məişət otağı, camaşırxana, paltar və ayaqqabıların təmiri və gigiyena otaqları, hamam, anbar və s. xidmət otaqlarına, nəqliyyat vasitələrinə malik olur.

5.4. Peşə təhsili müəssisəsinin balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətləri “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

5.5. Peşə təhsili müəssisəsi ona verilmiş əmlakdan yalnız nizamnamə ilə müəyyən edilmiş məqsədlər üçün istifadə edir. Müəssisənin əmlakının təhsildənkənar məqsədlər üçün istifadəsi qadağandır.

5.6. Peşə təhsili müəssisəsi öz əmlakı üzərində sahiblik və ondan istifadə etmək hüququnu sərbəst şəkildə, sərəncamvermə hüququnu isə Nazirliklə razılaşdırmaqla həyata keçirir.

5.7. Peşə təhsili müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nə uyğun olmalıdır.

5.8. Peşə təhsili müəssisəsi Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarında nəzərdə tutulmuş mənbələrdən maliyyələşdirilir. Bu mənbələrdən, həmçinin sahibkarlıq fəaliyyətindən əldə olunan vəsait və digər əmlak dövlət tərəfindən yaradılan peşə təhsili müəssisəsinə büdcədən ayrılan vəsaitin məbləğinə təsir göstərmir.

5.9. Peşə təhsili müəssisəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 22 dekabr tarixli 561 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri”nə uyğun maliyyələşdirilir.

5.10. Peşə təhsili müəssisəsi bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.

5.11. Peşə təhsili müəssisəsi “Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 10 nömrəli Qərarında göstərilmiş sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər.

5.12. Sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə peşə təhsili müəssisəsi Nazirliyin razılığı ilə təsərrüfat cəmiyyətləri yaradır və ya onlarda iştirak edir.

5.13. Peşə təhsili müəssisəsinin büdcədənkənar mənbələrdən daxil olan vəsaitləri hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.

5.14. Peşə təhsili müəssisənin büdcədənkənar mənbələrdən əldə etdiyi gəlir yalnız təhsilin inkişaf etdirilməsinə, təhsil müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsinə, təhsilverənlərin sosial müdafiəsinin təmin olunmasına yönəldilir.

5.15. Peşə təhsili müəssisəsində təhsilalanlar Nazirlik tərəfindən yemək, paltar, ayaqqabı ilə təmin edilirlər.

5.16. Peşə təhsili müəssisəsində dövlət hesabına göstərilən xidmətlərin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi maliyyə normativləri ilə müəyyən edilir.

6. Peşə təhsili müəssisəsinin fəaliyyətinə nəzarət

6.1. Peşə təhsili müəssisəsinin fəaliyyətinə nəzarəti Nazirlik və Agentlik, həmçinin nizamnaməsi ilə müəyyən edilmiş qaydada müəssisənin idarəetmə orqanları həyata keçirirlər.

6.2. Nazirlik peşə təhsili müəssisəsində plan üzrə və ya plandankənar yoxlamalar həyata keçirə bilər.

6.3. Peşə təhsili müəssisəsinin fəaliyyətinə dair illik hesabat Agentliyə təqdim edilir.

6.4. Peşə təhsili müəssisəsinin fəaliyyətinə nəzarətin digər formaları Azərbaycan Respublikasının “Təhsil haqqında”, “Peşə təhsili haqqında” və “Publik hüquqi şəxslər haqqında” qanunları ilə müəyyən edilir.

6.5. Peşə təhsili müəssisəsi yaratdığı təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

6.6. Nazirlik peşə təhsili müəssisəsinin fəaliyyətinin yoxlanılması üçün kənar auditor təyin edə bilər.

6.7. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Milli Preventiv Qrupun üzvlərinin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən müəssisəyə daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanılması şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, müəssisənin rəhbərliyi tərəfindən təxirəsalınma-dan qəbul edilmək, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) müəssisənin rəhbərliyinə müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüquqları vardır.

7. Peşə təhsili müəssisəsində uçot və hesabat

7.1. Peşə təhsili müəssisəsi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Peşə təhsili müəssisəsi “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

8. Peşə təhsili müəssisəsinin yenidən
təşkili və ləğv edilməsi

8.1. Peşə təhsili müəssisəsinin yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla, Nazirlik tərəfindən həyata keçirilir.

8.2 Peşə təhsili müəssisəsi ləğv edildikdə, onun əmlakına Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sərəncam verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin