ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetinin tələbələrinə Koreya səfirliyinin sertifikatları təqdim edilib

Bakı, 19 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsində koreyaşünaslıq ixtisası 2007-ci ildən açılıb və 12 il ərzində bu ixtisas üzrə 64 nəfər məzun olub. Tədris yerli müəllimlərlə yanaşı, koreyalı mütəxəssislər tərəfindən aparılır. BDU Koreyanın bir neçə ali təhsil müəssisəsi ilə anlaşma memorandumu imzalayıb. Koreya Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə universitetdə Koreya dili üzrə natiqlik və yaradıcılıq müsabiqəsi, Koreya pop musiqi festivalı keçirilib. Həmçinin Qafqaz regionunda ilk dəfə olaraq BDU-nun nəzdində Kral Sejonq İnstitutu fəaliyyətə başlayıb. Tələbələrin Koreyanın ölkəmizdəki səfirliyində təlim-təcrübə kurslarına iştirakları təmin edilib.

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev koreyaşünaslıq ixtisasında təhsil alan və Koreyanın ölkəmizdəki səfirliyində təcrübə keçən tələbələrlə görüşüb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, çay süfrəsi arxasında tələbələrlə fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib və təlim proqramı haqqında danışılıb. Bildirilib ki, təlim proqramı tələbələrlə müzakirə şəklində təşkil edilib və müxtəlif sahələr üzrə aidiyyəti diplomatlar tərəfindən aparılıb. Təlimdə Koreya-Azərbaycan diplomatik, siyasi və iqtisadi əlaqələri, Koreya mədəniyyəti, bu ölkədəki təhsil və təlim proqramları haqqında müzakirələr keçirilib.

Rektor Elçin Babayev tələbələrin təcrübə müddətində fəaliyyətlərini yüksək qiymətləndirib, onların fikirlərini Koreya dilində sərbəst ifadə etmələrindən məmnun qaldığını söyləyib.

Koreya səfirliyinin müşaviri Yim Jean Hyeok tələbələrin bilik və bacarıqlarından razı qaldığını vurğulayıb.

Sonra tələbələrə Koreya səfirliyinin sertifikatları təqdim edilib.

Qeyd edək ki, 10 günlük təlim proqramı Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. Proqrama Koreyanın ölkəmizdə fəaliyyət göstərən “Unico Logistics Baku”, “Hansol EME Co., Ltd”, “Heerim Architects & Planners Co. Ltd” və “Samsung Electronics Co. Ltd” şirkətləri də qoşulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.