MƏDƏNİYYƏT


Beynəlxalq Muğam Mərkəzində Seyid Şuşinskinin 130 illiyi qeyd olunub

Bakı, 29 may, AZƏRTAC

Mayın 29-da Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” layihəsi çərçivəsində Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, tanınmış musiqi xadimi və pedaqoq, Xalq artisti Seyid Şuşinskinin anadan olmasının 130 illiyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidentinin görkəmli xanəndənin 130 illik yubileyinin qeyd edilməsi haqqında 2019-cu il 4 fevral tarixli Sərəncamının icrası çərçivəsində təşkil olunub.

Tədbirdə Xalq artisti Arif Babayev Seyid Şuşinskinin bənzərsiz sənət dünyasından söz açaraq, sənətkarla bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, Azərbaycanda muğam sənəti Seyid Şuşinskinin proqramı ilə tədris olunur.

Xalq artisti, tarzən Ramiz Quliyev bildirib ki, Seyid Şuşinski məktəb yaradaraq muğam tarixinə öz möhürünü vurub. Onun tələbələri Azərbaycanın muğam sənətini xarici ölkələrdə təbliğ edir və dünyaya sevdirirlər.

Tədbirin aparıcısı, tədqiqatçı alim Gülhüseyn Kazımlı Seyid Şuşinskinin həyat və yaradıcılığından geniş söhbət açıb. Bildirib ki, o, sənəti ilə gənc və yaşlı nəsil arasında bir körpü yaradıb. Bu günün xanəndələri həmin körpüdən istifadə edərək keçmişin muğamını orijinal formada ifa edirlər.

Qeyd olunub ki, Qarabağ xanəndəlik məktəbinə mənsub qüdrətli sənətkar Seyid Şuşinski xalqımızın mənəvi dünyasının formalaşmasında müstəsna əhəmiyyət daşıyan qədim muğam ənənələrimizi layiqincə qoruyaraq yaşadıb. Geniş diapazonlu, nadir, ecazkar səsə və yüksək səhnə mədəniyyətinə malik böyük muğam ustası mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycan musiqi xəzinəsini daha da zənginləşdirib.

Seyid Şuşinski müəllim kimi uzun illər ərzində istedadlı musiqiçilərin yetişdirilməsində də təqdirəlayiq fəaliyyət göstərib.

Tədbirdə əvvəlcə videoçarx göstərilib.

Yubiley gecəsində Əməkdar artistlər Bəyimxanım Vəliyeva, Ehtiram Hüseynov, İlkin Əhmədov, Əməkdar müəllim Qəzənfər Abbasov, muğam müəllimi , xanəndə Sabir Abdullayev və xanəndə Sarvan Niftəliyevin rəngarəng ifaları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.