ELM VƏ TƏHSİL


İsveç tədqiqatçıları yeni batareyaların hazırlanmasında çox vədedici irəliləyişə nail olublar

Stokholm, 30 aprel, AZƏRTAC

Gələcəkdə elektrik enerjisinə tələbatı ödəmək üçün yeni akkumulyator texnologiyaları lazım olacaq. Bu variantlardan biri də enerji sıxlığı ion-lityum batareyalarından beş dəfə çox olan lityum-kükürd batareyalarıdır. İsveçin Çalmers Texniki Universitetinin tədqiqatçıları qrafen süngərlərinin köməyi ilə katolitdən istifadə edərək bu sahədə çox vədedici irəliləyişə nail olublar.

AZƏRTAC Çalmers Texniki Universitetinin xüsusi məlumatına istinadla xəbər verir ki, tədqiqatçıların yeni ideyasına görə, məsaməli süngərli aerojel batareyanın elementində avtonom elektrod kimi işləyir, kükürdün daha yaxşı və səmərəli istifadəsinə şərait yaradır. Ənənəvi akkumulyator dörd hissədən ibarətdir: aktiv maddə ilə örtülmüş iki dəstəkləyici elektrod anod və katod adı ilə bilinir. Onların arasında ionları irəli və geriyə hərəkət etdirən maye halında elektrolit var. Dördüncü komponent isə fiziki baryer rolunu oynayan və iki elektrod arasına kontaktı əngəlləyən, eyni zamanda, ionların yerini dəyişən separatordur. Tədqiqatçılar əvvəllər də katod və elektrodu bir mayedə birləşdirmək üzrə eksperiment keçiriblər. Bu konsepsiya batareyanın çəkisini azaltmağa, həmçinin onun daha tez dolmasına və istismarına kömək edə bilər. İndi qrafenli aerojelin işlənib hazırlanması ilə bu konsepsiya daha aktual olub və yaxşı nəticələr vəd edir. Tədqiqatçılar “həb” tipli standart batareya korpusuna əvvəlcə qrafenli aerojelin nazik təbəqəsini yerləşdirirlər. Sonra zənginləşdirilmiş kükürd məhlulunu – katoliti akkumulyatora əlavə edirlər. Yüksək məsaməli aerojel dayaq rolunu oynayır və süngər kimi məhlulu əmir. Bu zaman kükürdün yüklənməsi təmin edilir ki, bu da katolit konsepsiyasını səmərəli edir. Katolit məhlulunun bir hissəsini də separatora əlavə edirlər. Nəticədə yeni batareyaların gücü ion-lityum batareyalarından 4-5 dəfə çox olur.

Çalmers Texniki Universitetinin fizika fakültəsinin professoru Aleksandr Matiçin sözlərinə görə, yeni batareyalarda ətraf mühit üçün təhlükəli olan ftor elementi yoxdur. Alim əlavə edib ki, indi lityum-kükürd batareyalarının uzunömürlü olması istiqamətində işlər davam etdirilir. Onların kütləvi istehsalı üçün isə yeni istehsal-kommersiya prosesləri hazırlanmalıdır.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.