CƏMİYYƏT


İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır

Bakı, 15 iyun, AZƏRTAC 

Uzaqgörən siyasətçi, dahi lider, görkəmli dövlət xadimi Heydər Əliyev... Kiçikdən-böyüyə hər kəsin sevgisini qazanmış fenomen şəxsiyyət... Onun həyat fəaliyyətinə dair cildlərlə kitablar yazılsa da, nə qədər danışılsa da yetərli olmaz. Bütün ömrünü xalqına, vətəninə həsr edən ümummilli lider Heydər Əliyevin tək amalı Azərbaycanın tərəqqisi, xalqın xoşbəxt, firavan yaşaması idi. Ulu Öndər qarşısına çıxan bütün çətinlikləri qətiyyətlə dəf edərək məqsədinə nail oldu. Müasir, müstəqil və gündən-günə inkişaf edən Azərbaycanın parlaq gələcəyinin başlanğıcı məhz 1993-cü il iyunun 15-də qoyuldu. Həmin gün xalqımızın bəlalardan qurtuluşunun carçısıdır. Tariximizə də məhz Milli Qurtuluş Günü kimi həkk olundu.

Hərc-mərcliyin, özbaşınalığın hökm sürdüyü, iqtisadi, siyasi, sosial cəhətdən acınacaqlı vəziyyətdə olan Azərbaycanı yeganə olaraq Heydər Əliyev xilas edə bilərdi. Zəngin dövlətçilik təcrübəsi olan dahi şəxsiyyətin atdığı hər addım, apardığı hər islahat qısa zamanda öz bəhrəsini verdi. Azərbaycan səmasından qara buludlar çəkildi və günəşli günlər başladı.

Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, həkim-terapevt Avtandil Verdiyev söyləyib.

“Ulu Öndər xalqın sağlamlıq məsələlərinə daim həssaslıqla yanaşıb. Heydər Əliyev səhiyyə sisteminin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinə mövcud tibbi obyektlərin abadlaşdırılması, yeni səhiyyə müəssisələrinin yaradılması, əhalinin kütləvi dispanser qeydiyyatına alınması və sahə həkimlərinin işinin fəallaşdırılması məsələlərindən başlayıb. Uzaqgörən siyasətçi ölkəmizdə sağlamlıq zonaları və istirahət evlərinin yaradılmasına, abadlaşdırma işlərinin aparılmasına, mövcud səhiyyə ocaqlarının profilinin genişləndirilməsinə daim ciddi əhəmiyyət verirdi. Onun hakimiyyəti illərində ölkəmizdə səhiyyənin qanunvericilik bazası gücləndirildi, müvafiq sahəyə dair bir sıra qanunlar qəbul edildi. Bununla yanaşı, Azərbaycan ərazisində QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar hazırlandı. Ona görə də ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində mühüm nailiyyətlər əldə etmək mümkün oldu.

Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən sədaqətlə davam etdirilməsi digər sahələr kimi səhiyyə sistemində də uğurlara yeni vüsət verib. Ölkəmizdə səhiyyə ocaqlarının maddi-texniki bazası daha da möhkəmləndirilir, yeni xəstəxanalar tikilir, köhnələri təmir olunur. Tibb müəssisələri müasir avadanlıqlarla təchiz edilir. Həkimlərin biliklərinin təkmilləşdirilməsi, kadr hazırlığı da unudulmur.

Artıq bu gün Azərbaycan səhiyyəsi sürətli inkişaf dövrünü yaşayır. Ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklər müalicə edilir, mürəkkəb əməliyyatlar icra olunur”, - deyə həkim-terapevt qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.