REGİONLAR


Masallıda tarixçi-alim Musa Quluzadənin 80 illik yubileyi qeyd olunub

Masallı, 24 may, Bağır Əliyev, AZƏRTAC

Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının professoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü Musa Quluzadənin 80 illik yubileyi qeyd olunub.

Yubiley tədbirində rayon icra hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri, ziyalılar və ağsaqqallar, eləcə də yerli yazarlar, alimin dostları, qohumları və digər qonaqlar iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində istedadlı alimin əsərlərindən ibarət sərgiyə baxıb, onun ömür yolundan bəhs edən videoçarxı izləyiblər.

Tədbirdə çıxış edən Masallı Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələşrəf Niftiyev alimin həyat və yaradıcılığından danışıb.

Qeyd olunub ki, Musa Quliyev 1939 -cu il mayın 20-də Masallı rayonunun Xıl kəndində anadan olub.

Orta məktəbin yeddinci sinfini əla qiymətlərlə bitirən Musa Quluzadə, Lənkəran Kənd Təsərrüfatı Texnikumunda (1955-1959), daha sonra Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsində (1960-1971) təhsil alıb.

O, ali təhsilini başa vurduqdan sonra bir müddət partiya orqanlarında müxtəlif vəzifələrdə çalışıb, Mərkəzi Dövlət Muzeyində elmi işçi, sonradan muzeyin elmi işlər üzrə direktor müavini (1971-1991) olub.

M.Quliyev bir müddət Respublika Bilik Cəmiyyətində sədr müavini işləyib, Azərbaycan Dövlət Universitetində tələbələrə tarix fənnini tədris edib.

1991-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasında dosent kimi fəaliyyətə başlayıb. Hazırda akademiyada aspirantura və doktorantura şöbəsinin müdiridir.

1984-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Musa Quluzadə, 15-dən çox bədii kitabın müəllifidir.

Yubiley tədbirində çıxış edən Prezident təqaüdçüsü Şirvan Əbilov, Milli Məclisin deputatı Fəzail İbrahimli, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, “Masallı ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva və başqaları nüfuzlu ziyalı, alim, yazıçı-publisist Musa Quluzadəni 80 illik yubileyi münasibətilə təbrik edərək ona ən xoş arzularını çatdırıblar.

Musa Quluzadə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Tədbirdə yubilyara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.