SİYASƏT


Tarixi taleyimizin Qurtuluş səhifəsi

Xalq mənə ümid bəsləyir. Mən də bu ümidi doğrultmaq üçün həyatımın qalan hissəsini xalqa bağışlamışam və ona qurban verməyə hazıram.

Heydər ƏLİYEV

Bakı, 12 iyun, AZƏRTAC

1993-cü il iyunun 15-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikamızda hakimiyyətə qayıdışı xalqımızın tarixində ən mühüm hadisələrdən biridir. Məhz bu günün əhəmiyyəti nəzərə alınaraq 15 iyun Azərbaycan xalqının tarixində Milli Qurtuluş Günü kimi həkk olunub.

AZƏRTAC Əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Xalid Niyazovun bu tarixi gün münasibətilə qələmə aldığı “Tarixi taleyimizin Qurtuluş səhifəsi” adlı məqaləsini təqdim edir.

Tarix mahiyyəti etibarilə dinamikada olan ictimai özünüdərk prosesi olduğu üçün öyrəndiyi predmetə ehkam kimi yanaşmağı qəbul etmir. Ona yanaşmağın elmi-metodoloji, analogiyalar, eləcə də daha sadə və yaxın vasitə sayılan empirik üsulları mövcuddur. Bir var, tarixi kitablardan öyrənəsən - burada sosial fəlsəfədə tarixilik kimi səciyyələndirilən anlayışlar işə düşür. Bir də var, tarix sənin gözlərin önündə anbaan, günbəgün yaranır, “ətə-qana” dolur. Sən ona toxuna bilirsən, bütün varlığınla onu duyursan. Bu qiyafəsində insan tarixin canlı qəlpəsi və səhih informasiya daşıyıcısıdır. Azərbaycanın ən yeni tarixi gözlərimiz önündə yaranıb və biz onun haqqında etibarlı və müfəssəl fikir söyləmək imkanına malikik.

Şahidinə çevrildiyimiz tarix

Tarixi hadisələrlə zəngin olan XX əsr son onilliyində də sürprizlərsiz ötüşmədi. Kommunist partiyasının lideri Mixail Qorbaçovun başladığı iblisanə siyasət 70 ildən bəri dünyaya meydan oxuyan Sovetlər İttifaqının dağılması ilə nəticələndi. Vahid ailədə birləşib bütün qayğılarının həllini “böyük qardaş”a etibar etmiş müttəfiq respublikalar müstəqillik əldə etsələr də, ilk vaxtlarda onunla nə etməli, necə davranmalı olduqlarını müəyyənləşdirə bilmədilər.

Azərbaycanın isə bəxti lap siftədən gətirməmişdi. Xisləti və mahiyyəti imperiyaya nökərçilikdən yoğurulmuş Ə.Vəzirov və A.Mütəllibov kimi marionetka və rusofil dövlət başçıları tarixi məqamdan maksimum səmərəli istifadə edərək ölkənin sosial-iqtisadi tərəqqisi üçün münbit və etibarlı zəmin işləyib hazırlamaq əvəzinə ölkədə qeyri-sabitlik, milli kontekstdə qarşıdurma, etnik separatçılıq kimi qorxulu ictimai xəstəliklərin bərqərar olmasına rəvac verdilər.

Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın dədə-baba torpaqlarından qovulması Kreml tərəfindən riyakar sükutla qarşılandı. Dağlıq Qarabağ ərazisində rəsmi Ermənistanın fitvası və yaxından iştirakı ilə hərbi əməliyyatların başlanması Moskva tərəfindən xalqların öz müqəddəratlarını təyin etmə hüququ kimi təqdim olundu. Böyük siyasi oyun gedirdi və ortaya Azərbaycanın taleyi qoyulmuşdu. Nə qədər acınacaqlı olsa da, “oyunçular” arasında millətimizdən olanlar da vardı.

Həmin illərdə digər respublikalarda olduğu kimi, Azərbaycanda da milli şüur və ideologiyanın keyfiyyətcə yeni mərhələyə qədəm qoyması fonunda milli qüvvələrin təşəkkül tapıb formalaşması prosesi baş verirdi. Lakin təəssüflər olsun ki, bizdə bu proses bir qədər idbar formalarla müşayiət olundu. 1992-ci ilin mayında xalqın milli azadlıq və suverenlik çağırışlarının qanadında hakimiyyəti qəsb etmiş AXC-Müsavat fraksiyası bir Çin hikmətində deyildiyi kimi, olduğu kimi göründüyünü ortaya qoydu. Bir illik mənhus hakimiyyət Azərbaycan adlı coğrafiyada bəşəri, əxlaqi dəyərlər, dövlətçilik ənənələri, idarəetmə vərdişləri, daxili və xarici siyasət adına nə varsa, hamısının necə tənəzzül etdiyini, süquta uğradığını görüntülədi. Ən başlıcası isə, artıq Topxana meşəsindəki bir armud ağacı deyil, meşələrimiz, bar verən bağçalarımız, bərəkətli tarlalarımız, topdağıtmaz mülklərimiz, igid babalarımızın uyuduğu qəbir evlərimiz, bahadır oğlanlarımız gedirdi cəng meydanında. Bunların hamısının tacı, başı sayılan torpaqlarımızı itirirdik.

Əslində, iyrənc bir ssenari həyata keçirilirdi. AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlişi ərazilərimizin bir hissəsinin itirilməsi ilə müşayiət olundu. Müharibənin getdiyi bir ölkədə Milli Ordu quruculuğundan əsər-əlamət belə yox idi, cəbhədə məğlubiyyətlər davam edirdi. 1992-ci ilin mayında Şuşa, sonra Laçın düşmənə təhvil verildi. Eyni xəyanətkar siyasətin nəticəsində 1993-cü ilin mart-aprel aylarında Kəlbəcər süqut etdi.

Yanlış kadr siyasəti, daxili didişmələrin hobbiyə çevriləcək dərəcədə intensivliyi, dünənki gədaların bu gün kreslo uğrunda güzəştsiz mübarizəsi, idarəetmə təcrübəsinin olmaması, iqtisadiyyatın aparıcı sahələrinə kadrların peşəkarlıq, bacarıq və təcrübə prizmasından deyil, şəxsi sədaqət prinsipi müstəvisindən təyin edilməsi, ictimai-siyasi ab-havanın getdikcə daha da çirklənməsi sərhəd bölgələrindəki qüvvələr nisbətini, hərbi qarşıdurmanı Azərbaycanın ziyanına dəyişmişdi.

Bəli, 1992-ci ildə hakimiyyətə zor və silah yolu ilə gəlmiş Əbülfəz Elçibəyin komandası özünün yarıtmaz, səriştəsiz və cinayətkar fəaliyyəti ilə ölkəni parçalanıb məhv olmaq təhlükəsinə məhkum etmişdi. Hakimiyyətdə olan milli, lakin cinayətkarcasına bacarıqsız qüvvələrin dövlət əmlakının mənimsənilməsi, rüşvətxorluq, vəzifə təyinatlarında şəxsi maraq və tayfa amilinin ön plana çəkilməsi və s. sahədə “məqsədyönlü” fəaliyyəti ölkəni labüd məhv olmaq təhlükəsinin pəncəsinə atmışdı. Həmin tarixi anda heç kim, heç bir qüvvə zəmanət verə bilməzdi ki, belə bir qarşıdurmanın reallaşacağı təqdirdə xalqın və məmləkətin taleyi necə olacaq, başına hansı faciələr gələcəkdi. Azərbaycana yönələn bu məkrli siyasətin dəstxəti ən müxtəlif ölkələrin kəşfiyyat xidmətlərinin masası üzərində cızılmışdı. Əslində, Ə.Vəzirov, A.Mütəllibov, AXC-Müsavat sindikatı, S.Hüseynov, R.Qazıyev və başqalarından ibarət “aktyor truppası”nın neçə ildən bəri hamının gözləri önündə oynadığı primitiv, bəzən ikrah doğuracaq dərəcədə bayağı, bəzən də kəskin və ziddiyyətli, eyni zamanda, təhlükəli oyun ölkə vətəndaşlarını sövq-təbii özünün ehtirassız tamaşaçısına çevirməyi bacarmışdı. Milli mənafelər şəxsi-korporativ maraqlara, o isə öz növbəsində, hakimiyyət davasının havacatları üzərində köklənmiş siyasi ambisiya və iddialara deformasiya olunmuşdu. Nəticə etibarilə, siyasi mükalimə müstəvisindən hərbi yolla haqq-hesab çəkmə meydanına sürüşmüş qüvvələr tənasübünün bir başında cəbhəçilərdən ibarət “yeni qayda ilə idarə etməyi bacarmayan” mühafizəkar qüvvələr, digər tərəfdə S. Hüseynov və R. Qazıyevin timsalında revanşistlər dəstəsi, üçüncü tərəfdə isə köhnə qayda ilə yaşamaq istəməyən, səriştəsiz və çapqınçı bir hakimiyyətdən zinhara gəlmiş xalq durmuşdu. Tarixi situasiya qüvvələr tənasübünü ümummilli mənafelər məxrəcinə daşıya biləcək, qan tökülmədən mövcud pat vəziyyətini neytrallaşdıra biləcək bir liderə ciddi ehtiyac olduğunu diktə edirdi. Ümummilli konsensusu təmin edə biləcək yeganə şəxsiyyət isə Heydər Əliyev idi.

Ortada oyun gedirdi… Oyunda Azərbaycan gedirdi

1993-cü ilin yaratdığı ən qorxulu fəsadlardan biri də ortaya milli separatçılıq, etnik bölücülük kimi oyunların atılması oldu. Azərbaycan parçalanmaq təhlükəsi qarşısında idi. Bir tərəfdən Əlikram Hümbətov sərsəm “cənub respublikası” xülyası ilə, o biri tərəfdən şimalda baş qaldıran antimilli qüvvələrin separatçı çıxışları dövləti taqətdən salır, müharibə vəziyyətində olan ölkəni növbəti dəfə yeni münaqişə perspektivləri ilə imtahana çəkirdi. Azərbaycanın bir dövlət kimi mövcudluğu sual altında idi. Daxili və xarici təcavüz qüvvələrinin hazırlamış olduqları təhlükənin konturları artıq real görüntülərini alırdı.

Belə bir mürəkkəb və qeyri-müəyyən dövrdə ölkə rəhbərliyinə qayıtmağa razılıq vermək vətənpərvər, qeyrətli və cəsur insanın işi idi. Və bu işə Heydər Əliyev qol qoydu. Xalqın gözü ən düzgün tərəzi idi. Ən böyük zərbələrin hədəfində də xalq, onun rifahı, həyatı, mənafe və azadlığı durduğu üçün o, hadisələrə daha ayıq, çevik və ağıllı reaksiya verirdi. Bəli, həmin dar macalda, mürəkkəb hərbi-siyasi situasiyada Azərbaycana Heydər Əliyev lazım idi.

Türkiyənin doqquzuncu prezidenti, Ulu Öndərin yaxın dostu Süleyman Dəmirəl onunla müsahibəmdə 1993-cü ildəki həmin taleyüklü məqama toxunaraq belə demişdi: “Çörçill ingilis millətinə 40 il xidmət etdi. Ancaq bu xidmətin sonunda, yəni 1940-cı ildə lazım oldu. O vaxt Çörçillin etməli olduğu işləri görəcək ikinci bir adam yox idi. Bəşər tarixində insanlar hər bir zaman millətinə xidmət göstərir, ancaq bəzən lazım olurlar. Necə ki, Ruzvelt 1942-ci ildə Amerikaya, De Qoll 1958-ci ildə Fransaya, Adenauer 1946-cı ildə Almaniyaya lazım oldu. Qardaşım Heydər Əliyev də Azərbaycan xalqına çox xidmətlər göstərmişdi, amma 1993-cü ildə lazım oldu. Onun görəcəyi işləri görə biləcək bir başqası yox idi. Nə yaxşı ki, Heydər Əliyev vardı”.

O vaxt heç kim təsəvvürünə belə gətirə bilməzdi ki, bir ildən sonra Azərbaycanın iqtisadi tərəqqi, təhlükəsizlik və geosiyasi varılığının qarantı olacaq əsrin neft müqaviləsi imzalanacaq. Daha sonra Azərbaycanın adı Qərbin ən nüfuzlu kürsülərindən səslənəcək. Ölkə bütövlükdə Cənubi Qafqaz bölgəsinin aparıcı dövlətinə çevriləcək.

Bütün bunlar barədə 1993-cü ilin o məşum, havası barıt qoxuyan, səmasından müharibə təhlükəsi asılan iyun günlərində düşünən yox idi. Surət Hüseynovun bəyanatları ilə ölkənin paytaxtına doğru addım-addım yaxınlaşan ölümün təhlükəli siması artıq daha bədheybət şəkil almaqda idi. Tarixi situasiyanı ağırlaşdıran, siyasi vəziyyətin ayağından pudluq daş kimi asılıb qəddini düzəltməyə qoymayan incə məqam da elə ondan ibarət idi ki, Surət Hüseynov kimi “piyada”nın arxasında qeyri-millətdən, eləcə də sapı özümüzdən olan ciddi qüvvələr dayanırdı. Ancaq xalqı satqın və xainlərin ümidinə buraxmaq da olmazdı. Bu, Heydər Əliyevin həyat və insani prinsiplərinə zidd idi. Buna görə də o, paytaxta qayıtmağa qərar vermişdi.

1993-cü il mayın 25-də Əbülfəz Elçibəyin yanında keçirilən müşavirədə Gəncədə yerləşən və Surət Hüseynovun birbaşa təsiri altında olan 709 saylı briqadanın ləğvi məsələsi gündəlikdə dururdu. Hərbi hissəni ləğv etmək məqsədilə hazırlanmış və eyni “uğurla” da məğlubiyyətə düçar olmuş plan onu hazırlayanların bacarıq, fərasət və peşəkarlığına ən “uğurlu” nümunə idi.

Gəncə insidentinin dərslərinin ən acınacaqlı tərəfi qardaş qanının axıdılması oldu. Fərsiz hökumət öz vətəndaşlarının qətlini sifariş vermişdi, nəticədə ölənlər, yaralananlar oldu. Hansı tərəfin “qələbə çalmasından” asılı olmayaraq bu, mənhus və lənətə layiq “rəşadət” idi. Roma şairi Mark Anney Lukanın söylədiyi kimi, “Vətəndaş müharibəsində qazanılmış hər bir qələbə məğlubiyyətdir”.

Bəziləri Surət “kartı”nı şişirdərək cəbhə hakimiyyətin süqutunu onun adı ilə bağlamağa çalışırdılar. Qətiyyən! Surət məsələsi alışıb-yanan ocağa atılan növbəti yarmaça rolunu oynadı, onun silahlı qiyamı, sadəcə həmin fərsiz hakimiyyətin “tabut”una son mismarı vurdu. Cəbhə hakimiyyətinin özünün yaratmış olduğu və çözə bilmədiyi problemə çevrilən Surət Hüseynov olmasa idi də, davam etməkdə olan xaos və hərc-mərcliyə nöqtə qoyacaq kritik məqam yetişəcəkdi. Çünki artıq hadisələr səbəb və nəticə asılılığından çıxıb labüdlük müstəvisinə adlamışdı. Operativ cərrahi müdaxilə tələb olunurdu.

Hələ o vaxt keçirilmiş məxfi toplantılardan birində sabiq prezident Əbülfəz Əliyev etiraf etmişdi ki, camaat canını Xalq Cəbhəsindən haçan qurtaracağı günü gözləyir və artıq bunu açıqdan-açığa etiraf etməkdən də çəkinmir. Özəlləşmə yoxdur, ancaq bütün dövlət əmlakı dağılır, satılır, xaricə ötürülür. Gündəlikdə ölkə vətəndaşlarının təhlükəsizliyi məsələsi dururdu. Qaş qaralandan sonra heç kim ürək eləyib bayıra çıxa bilmirdi. Günün günorta çağı şəhərdə silahlı adamlar gəzişirdi. Bütün dövlət orqanlarını hərc-mərclik əhval-ruhiyyəsi iflic etdiyindən konkret olaraq kimlərin silah gəzdirmək hüququnu reqlamentləşdirən qurum yox idi.

AXC-Müsavat hakimiyyətinin ömrü zamanla bağlı məsələsi idi. Görünür, Allah Azərbaycan xalqını çox istədiyindən idi ki, həmin tarixi tezləşdirdi.

Ərəfə

Vəziyyətin kritik həddə çatdığını, S.Hüseynovun vəd etdiyi dar ağacının kəndirini boğazlarında hiss edən AXC-Müsavat iqtidarının rəsmiləri Naxçıvana zəng edərək Heydər Əliyevdən kömək istəməyə başladılar. Heydər Əliyev həmin insan idi ki, 1992-ci ilin oktyabrında onun devrilməsinə çalışırdılar. İndi isə vəzifələrini itirmək qorxusu, Surət xofu onları hakimiyyətin bəxş etmiş olduğu bihuşedici sərməstlikdən ayıldaraq real qabiliyyət və kimlikləri ilə üzbəüz qoymuşdu.

Həmin günlər bir il ərzində dövlət idarəetmə maşınını sazlaya bilməyən naşıların dezinformasiya aparatı yalan və şayiə püskürtməkdə bütün ağla gələ biləcək rekordları vurub keçmişdi – guya Surətin nəzarəti altında olan hərbi hissə Gəncə şəhərinə və hökumət qoşunlarına divan tutmuşdu. Əslində isə 1993-cü il iyunun 4-də səhər 130 nömrəli hərbi hissənin ərazisindən istifadə etməklə 709 saylı hərbi hissəyə tank, ZTR, PDM və digər hərbi texnika vasitəsilə planlı hücum təşkil edilmiş, həmin vaxt yuxuda olan əsgərlərin 12 nəfəri tank tırtılları altında qalaraq həlak olmuşdu. "Tufan" əməliyyatı zamanı 69 nəfər hərbi qulluqçu və mülki şəxs öldürülmüş, 150-dən çox əsgər və zabit yaralanmışdı. Səhər saat 6-dan 13-dək davam etdirilmiş bu əməliyyatda DİN daxili qoşunlarının xüsusi təyinatlı polis dəstəsi, MTN-in tabeliyində olan hərbi qüvvələr, habelə Müdafiə Nazirliyinin qoşunları, prezident qvardiyasının əsgərləri və s. iştirak etmişdilər. Müharibə gedən ölkədə cəbhə-müsavat iqtidarının fitvasına gedənlər həmvətənlərini, soydaşlarının balalarını qanlarına qəltan eləmişdilər.

Surətin vəd etdiyi dar ağacının artıq yoğunlayıb qat bağlamış boyunlarına “müştəri gözü ilə baxdığından” qorxuya düşən Əbülfəz Elçibəy iqtidarı – daha doğrusu, onun İ.Qəmbər, Ə.Kərimli və P.Hüseynovdan ibarət triumviratı Heydər Əliyevə zəng edərək onu təkidlə Bakıya çağırır, bir ağsaqqal kimi araya girib “qanlıları” barışdırmasını xahiş edirdi. Heydər Əliyev qayıtmalı idi. Bu, tarixi zərurət və qaçılmaz labüdlük idi. Bunu xalqın mənafeyi, ayaqlar altında od tutub alışan torpaqlarımızın namus harayı və özünün yüksək vətənpərvərlik duyğuları ilə aşılanmış vətəndaş hissləri tələb edirdi. Heydər Əliyevin tarixi qərarın qəbul etməsinə iki gün qalırdı.

Çöküş

İyunun 7-də gecə Gəncə şəhərindən qayıtmış komissiya üzvlərinin qərarı açıqlandı. Heç şübhəsiz, həmin nəticə dövlət rəsmilərini, əlləri dirsəyəcən qan içində olan çinovnikləri təmin edə bilməzdi. Lakin acı və obyektiv həqiqət bundan ibarət idi ki, fərsiz və bütün əqli-intellektual resurslarını xərcləmiş zahid hakimiyyət öz vətəndaşının qətlinə fərman vermişdi. Ölənlər vardı. Amma onlar ermənilərlə döyüş meydanında həlak olanlar deyildi. Əsirlər vardı. Fəqət, onları da azərbaycanlı ana dünyaya gətirmişdi. Bu, cəbhə hakimiyyətinin Azərbaycanı düçar etdiyi milli faciənin bariz təcəssümü idi.

Yenə də həmin gün Prezident sarayında keçirilən müşavirə hakimiyyətin şok və təlaş içərisində olduğunu göstərdi. Dövlət başçısı Əbülfəz Elçibəy, müdafiə naziri Dadaş Rzayev, daxili işlər naziri Abdulla Allahverdiyev və qeyrilərinin nitqi predmetsizliyi, rabitəsizliyi, həyəcanı, mənfi emosiya və ovqatı ilə seçilirdi. Bu, iflas idi, vəzifəyə özünüifadə, əqli qabiliyyətlərin, idareətmə fərasətinin reallaşdırılması vasitəsi kimi deyil, konkret əmək sərf etmədən ildə bir neçə dəfə məhsul götürülən bostan, dirrik, xır kimi baxanların çöküşü idi. “Cinayətimiz – məğlubiyyətimizdir!” kimi kifayət qədər hipotetik bir ifadə işlədən Pənah Hüseynovun istefası artıq kökündən quruyan ağacı reanimasiya etmək üçün budaqlarının budanması effektini verdi.

Hadisələrin çözüm yolunu “həsirini çiyninə atıb getməkdə” görən Prezident Əbülfəz Elçibəy, Pənah Hüseynovun istefasını “siyasi mədəniyyət norması”, Gəncədəki silahlı toqquşmanı isə “Azərbaycanda demokratiyanın inkişafı” adlandıran Milli Məclis sədri İsa Qəmbər, Prezident sarayının liftlərində doyunca qalxıb-enməyə macal tapmamış Əli Kərimli, Arif Hacıyev vəzifələrini “dondurmağa”, aradan çıxmağa üstünlük verdilər. Bu, özlərini Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab edən bir ovuc naşı və avantüristin müstəqilliyinin dadını tamsınmağa macal tapmamış, başı qovğa və qiyamlara ürcah edilən Azərbaycan adlı məmləkətin və onun insanlarının qarşısında ən böyük cinayəti idi.

Əbülfəz Elçibəyin “Tankın qarşısında duran adamlar pulun qarşısında dura bilmədilər!” – cümləsi rəhbəri olduğu bir hakimiyyətin “rekviyem”i ilə yanaşı, həm də mənəvi kvintessensiyasına çevrildi.

Milli Məclisin iyunun 8-9-da keçirilən iclasları AXC-Müsavat iqtidarının hakimiyyət resurslarının büsbütün tükəndiyini, özlərinin hörmüş olduqları yalan torunun içindən çaşıb qaldığını, bəylərin riya və fitnəkarlığından təngə gəlmiş ölkə vətəndaşlarının səbr kasasının dolub-daşdığını nümayiş etdirdi. İqtidarda olduqları bir il ərzində xalqa səriştəsiz hakimiyyətlərinin acı meyvələrini dadızdıran, vəd etdikləri rifah və əmin-amanlıq əvəzinə çörək imtahanı, vətəndaş müharibəsinin faciə və iztirablarını yaşadan bu adamlar daha milli-azadlıq hərəkatının kütləvi eyforiya atəşfəşanlığı yaratdığı dövrdə olduğu kimi inamla danışa, kütləni inandıra və arxalarınca apara bilmirdilər.

İyunun 12-də televiziya ilə İ.Qəmbərin istefası və Ali Sovetin növbədənkənar iclasının keçiriləcəyi barədə məlumat səsləndikdən sonra bəziləri sadəlövhcəsinə düşünürdülər ki, Heydər Əliyev özünün Ali Sovetin sədri seçilməsi barədə təklifi qeyd-şərtsiz qarşılayacaq. Əksinə oldu. O, iyunun 13-də Gəncəyə yola düşmək barədə qərar qəbul etdi və axşam saatlarında KİV mənsubları ilə birlikdə bölgəyə səfər etdi.

Siyasi iflasının son anlarını yaşamaqda olan AXC-Müsavat iqtidarının Heydər Əliyevin Gəncə səfərindən yararlanmaq cəhdləri də puça çıxdı. Heydər Əliyev ədalətli münsif kimi çıxış edərək qiyamla bağlı mövcud iqtidarın ondan gözlədiyi bəyanatı vermədi. Belə ki, Əbülfəz Elçibəylə əməkdaşlığa gedərək xalqı ağır vəziyyətdə olan dövlətçiliyin müdafiəsinə səsləmək onu növbəti dəfə aldatmaq deməkdi. O əbləhlər hələ də anlamaq iqtidarında deyildilər ki, Heydər Əliyev xalqına xəyanət etmək deyil, yolunda fəda olmaq üçün qayıtmışdı.

Daxili böhranın şiddətləndiyi, xaos və anarxiya ovqatının bütövlükdə cəmiyyətin ab-havasını zəbt etdiyi bu dar macalda bəzi müxalifət liderləri siyasi riyakarlıq və kəmfürsətlik nümayiş etdirərək yaranmış vəziyyətdən özlərinin və təmsil etdikləri qüvvələrin fərdi-merkantil maraqlarını doyuzdurmaq üçün manevrlər edirdilər. Məhz “özünüqoruma instinkti” ovaxtkı iqtidarı məcbur elədi ki, Heydər Əliyevə yalvarsın, danışığa getsin. Onun arxasınca bir neçə dəfə təyyarə göndərsələr də boş qayıdırdı. Məhşər ayağında olan hakimiyyət Heydər Əliyevə ciddi bir vəzifə təklif etməkdən də ehtiyatlanırdı. Bu, həmin iqtidarın əxlaqı, iç üzü idi. Onları xalq, ölkə, dövlət deyil, vəzifə kreslosu maraqlandırırdı. Lakin hər şey əbəs idi, vaxt artıq onların ziyanına işləyirdi.

Zamanın diktəsi

Hakimiyyət dəhlizlərinə tragikomik bir təsadüf üzündən düşmüş bu adamlardan sırf professional və insani məziyyətlərinin yoxluğu bir yana, məkr, xəbislik və xainlikdən savayı heç nə görməyən Heydər Əliyev Bakıya qayıtmaq istəmirdi. Ancaq Azərbaycan, Azərbaycan xalqı, dövlətçilik, müstəqilliyimiz təhlükə altında idi. Artıq xalq da israrla tələb edirdi. Həmin çətin və məşəqqətli günlərdə bütün insanları ürəklərində gəzdirdikləri Heydər Əliyev məhəbbəti, inamı birləşdirmişdi. Hamını bir araya gətirən, yekdil fikir nümayiş etdirməyə sövq edən tək bir səbəb vardı – ölkəni düçar olduğu faciəvi durumdan xilas etmək. Xalq bu vəzifəni yerinə yetirməyə qadir olan tək bircə şəxsi görürdü - Heydər Əliyevi.

Heydər Əliyev canından artıq sevdiyi vətəninin özbaşınalıq və anarxiyanın simasında qarı düşmənlə təkbətək qaldığını görüb qəti qərarını elan etdi: Bakıya qayıtmalıyam.

Uzun sürən tərəddüdlərdən sonra ölkənin kritik vəziyyətdə olduğunu, ən kiçicik qığılcımın belə vətəndaş müharibəsinə səbəb ola biləcəyini, eləcə də xalqın təkidli xahişlərini nəzərə alan Heydər Əliyev 1993-cü il iyunun 9-da saat 15-də Binə hava limanında ayağını boynunda böyük haqqı olan Bakı torpağına basdı.

O, öz gəlişi ilə Azərbaycanın boğazında kilidlənib kəlbətin təki boğan təhlükələri dəf etdi. İnsanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi. Əfsanəvi Simurq quşu kimi qanadlarını sipər kimi ölkəsinin üzərinə gərdi.

Bütün məziyyətlərinə görə dünyanın nadir şəxsiyyətlərdən sayılan Heydər Əliyevin iyun ayının taleyüklü sayılacaq qədər əhəmiyyətli bir neçə günündə Azərbaycanın qurtuluş və səadəti naminə gördüyü işləri idarəetmə səriştəsi və rəhbərlik bacarığının zirvəsi hesab etmək olar.

Həmin iyun günlərində Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında alim və ziyalılarla görüşündə Heydər Əliyevin ilk xitabı ölkənin müstəqilliyinə qəsd etmək kimi mənfur niyyətə düşənlərə ünvanlanmışdı: "Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm”.

Qurtuluş

İyunun 15-də Milli Məclis işinə sədrsiz başladı. İsa Qəmbər istefa vermişdi. Qeyri-rəsmi razılığa əsasən, Heydər Əliyev həmin gün parlamentin sədri seçilməli idi. Ancaq bu dəfə də salonun baş kreslosuna iştahanı gizlədə bilməyən şəxslər hər vasitə ilə səsvermə prosedurunun keçirilməsinə mane olmağa çalışdılar. Bəzi millət vəkillərinin kəskin çıxışlarından sonra bu hoqqabazlığa da son qoyuldu.

... Artıq tabloda közərən rəqəmlər Heydər Əliyevin Azərbaycan parlamentinin sədri seçildiyini göstərirdi.

Heydər Əliyev deputatlar qarşısında çıxış edərək göstərilən etimadın əvəzi kimi bütün imkanlarından istifadə edib bu ağır və məsuliyyətli yükü aparmağa çalışacağını və böyük vəzifəni ləyaqətlə yerinə yetirəcəyini vəd etdi: "Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm".

Həmin gün Azərbaycanın tarixinə Qurtuluş müjdəsi kimi daxil oldu. Heydər Əliyev üçcə ayın içində dərinləşməkdə olan ictimai-siyasi böhranın qarşısını aldı. Qeyri-adi idarəçilik bacarığı ilə müstəsna dövlətçilik təfəkkürünün, illərin ciddi və heç bir qayda-qanun tanımayan siyasi mübarizə təcrübəsi ilə yenilməz vətəndaş qeyrətinin xəlitəsi kimi xarakterizə edilə biləcək həmin fəaliyyət hər cür təqdirə layiqdir. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr" əsərində həmin fövqəladə hadisəni belə səciyyələndirirdi: "Bu həqiqətən möcüzə idi. Tabeçiliyində heç bir strukturun olmadığı, yalnız öz sözünə və bacarığına güvənən siyasi xadim məhz özünün zəngin rəhbərlik təcrübəsinə əsaslanaraq dövlətin dağılmasının qarşısını aldı".

Qurtuluş yalnız nədənsə xilas olmağımızla məhdudlaşmadı. O, sonrakı cahanşümul proseslərin rəhninə çevrildi – Konstitusiya qəbul olundu, parlament və prezident seçkiləri keçirildi, nizami ordu yaradıldı, separatçılıq meyillərinə son qoyuldu. Azərbaycan böyük itki vermədən dövlət quruluşunu, müstəqilliyini, tarixi nailiyyətlərini qoruyub saxlaya bildi. Təkcə bumu? Xeyr! Artıq üzü aşağı tənəzzülə yuvarlanan iqtisadiyyat dirçəldildi, ona yeni nəfəs, yeni impuls verildi. Ölkədə siyasi, iqtisadi, hüquqi, sosial islahatlar həyata keçirilməyə başladı. Dünyəvi, demokratik, tərəqqiyə meyilli, zəngin insan və təbii resursları olan bir ölkə imici formalaşdı.

Qurtuluşun müstəqil Azərbaycan dövləti, milli azərbaycançılıq ideologiyası və təfəkkürü, bütövlükdə tərəqqipərvər bəşəriyyətlə qovuşmaq yolunu seçmiş xalqımız üçün müstəsna tarixi, ictimai, siyasi, iqtisadi, beynəlxalq əhəmiyyəti vardı.

Bütün bunlar yalnız və yalnız ulu öndər Heydər Əliyevin məharəti, uzaqgörənliyi, müdrikliyi sayəsində mümkün oldu.

Qurtuluş böyük bir prosesdir. Başlanğıcını böyük Heydər Əliyev öz qayıdışı ilə qoydu. Davam etdirmək vəzifəsi isə 2003-cü ildən bəri onun layiqli varisi, silahdaşı Prezident İlham Əliyevin çiyinlərindədir. O Qurtuluş ki düz 26 ildir dövlət quruculuğu və iqtisadiyyatın ən müxtəlif sahələrinin inkişafı şəklində şirin meyvələrini dadırıq. O Qurtuluş ki memarı cismən aramızda olmasa da taleyimizə yazdığı uğur və bəxtəvərlik qisməti hələ neçə nəsil Azərbaycan xalqını izləyəcək.

Belə bir zəfər yürüşü həm də ona görə sabitqədəm görünür ki, onun önündə ümummilli lider Heydər Əliyevin arzu, əməl və ideallarının sədaqətli varisi Prezident İlham Əliyev gedir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.