DÜNYA


Tehranın “Stalin xiyabanı” və 75 il əvvəl baş vermiş bir görüşün tarixçəsi

Tehran, 6 may AZƏRTAC.

Faşizm üzərində qələbənin ildönümünün qeyd olunduğu bu günlərdə dünya mətbuatı Avropada müharibənin ayrı-ayrı epizodları barədə çeşidli yazılar dərc edir. Unutmaq olmaz ki, Şərqdə də faşizmin məhvini yaxınlaşdıran mühüm hadisə baş verib. Söhbət 1943-cü ildə SSRİ, ABŞ və Böyük Britaniya rəhbərlərinin Tehran görüşündən gedir. Noyabrın 28-dən dekabrın 1-dək davam edən Tehran konfransı dünyanın və İranın taleyinin dəyişməsinə səbəb oldu.

Müasir İran tarixçısı Abdulla Şahbazi yazır ki, Stalin, Ruzvelt və Çörçilin 1943-cü ildə Tehranda görüşməsi heç də təsadüfi deyildi. Alman ordusunun Stalinqrad və Kursk ətrafındakı məğlubiyyətindən sonra artıq İkinci Dünya müharibəsində qalib tərəf müəyyənləşirdi. Dünya liderlərinin görüşünün Alyaskada, Ankarada, Sürixdə keçirilməsi təklifləri var idi. Lakin Stalin görüşün Tehranda keçirilməsini təklif etdi və bu təklif ABŞ və Britaniya rəhbərləri tərəfindən dərhal qəbul edildi. A.Şahbazinin fikrincə, bu üç dövlət Hitler Almaniyasına qarşı müttəfiq olsa da, onların maraqları İranda toqquşurdu. Zəngin neft və qaz ehtiyatlarına malik İran hər kəsin diqqətini çəkirdi.

Tehran konfransında liderlərin SSRİ səfirliyində görüşməsi, danışıqları haqqında çox deyilib, çox yazılıb. Burada ən maraqlı məqamlardan biri Stalin ilə İran şahı Məhəmməd Rza Pəhləvinin görüşüdür. Tehrandakı küçələrdən birinin “Stalin Xiyabanı” adlandırılması məhz bu görüşlə bağlıdır.

Stalin və Pəhləvi arasında görüşün tarixçəsinə keçməzdən əvvəl xatırlatmaq lazımdır ki, İran müharibənin ilk günlərində neytral mövqe tutsa da, faşistlərə rəğbətini gizlətmirdi. Almaniya Tehranda və digər şəhərlərdə çoxsaylı casus şəbəkəsi saxlayırdı. İranın strateji coğrafi mövqeyini nəzərə alan Hitler hətta burada 20 ədəd bombardmançı təyyarə də yerləşdirmişdi ki, cəbhəni neftlə təmin edən Bakını bombalasın. Ölkədəki neft şirkətləri və digər iri müəssisələr almanların əlində cəmləşmişdi. Kəşfiyyat məlumatlarına əsasən bundan xəbər tutan SSRİ və Britaniya hökuməti İrana nota verərək casusların İrandan çıxarılmasını tələb etdi. Lakin şah onların tələbinə məhəl qoymadı. Buna cavab olaraq 1941-ci ildə Britaniya və SSRİ birlikdə “razılıq” kod adı altında əməliyyat hazırlayaraq İrana qoşun yeritdilər. Zəif İran ordusu yetərincə müqavimət göstərə bilmədi və birləşmiş qoşunlar Tehranın 125 kilometrliyində dayandı. Təbriz, Ərdəbil, Məşhəd kimi şəhərlər SSRİ-nin nəzarətinə keçdi. Sovet qoşunları 1941-ci ilin sentyabrında Tehranı da tutdular. Bu dəfə casusların ölkədən çıxarılması deyil, tutulub SSRİ-yə təhvil verilməsi tələbi irəli sürüldü. Şah bu tələbi də yerinə yetirməkdən imtina edərək ABŞ səfirliyində gizləndi. Fürsətdən istifadə edən ABŞ şaha bir sıra iri neft yataqlarının ABŞ-a satılması haqqında sənədləri imzalatdırdı, özünü isə həbs edib Cənubi Afrikaya sürgünə göndərdi. Çox keçmədən şah orada naməlum şəraitdə vəfat etdi. Bir neçə gündən sonra isə müttəfiqlər (ABŞ, İngiltərə və SSRİ) razılaşaraq Məhəmməd Rza Pəhləvini İranın yeni şahı təyin etdilər və ona alman radiolarına qulaq asmamağı məsləhət gördülər.

Beləliklə, İran SSRİ, ABŞ və İngiltərə arasında bölündü. Məhz bundan sonra müttəfiqlər İran ərazisindən istifadə edərək SSRİ-yə silah-sursat göndərməyə başladılar.

Tehran konfransı ərəfəsində İranın böyük hissəsi Sovet qoşunlarının nəzarəti altında idi. Konfransın təhlükəsizlik baxımından SSRİ səfirliyində keçirilməsi qərara alınmışdı. Stalinin Tehrana gəlməsini və tədbirlərdə iştirakını təşkil etmək üçün Bakıda xüsusi qərargah yaradılmışdı. Bu səfər Stalinin dövlət başçısı kimi ilk xarici səfəri olduğuna görə bütün detallar diqqətlə nəzərdən keçirilirdi. Digər tərəfdən, kəşfiyyat məlumatlarına əsasən məlum oldu ki, Hitler Tehrana toplaşan müttəfiq liderlərə qarşı sui-qəsd həyata keçirilməsi göstərişi verib. Bu barədə SSRİ və Fransa kinematoqrafçılarının lentə aldığı “Tehran-43” filmində ətraflı bəhs olunur.

Qatarla Bakıya gələn Stalin buradan təyyarə ilə Tehranın hərbi aeroportuna uçdu.

Tehran konfransında Almaniya, Yaponiya və Polşanın gələcək taleləri ilə yanaşı, İranın da siyasi quruluşunun, ərazi bütövlüyünün toxunulmazlığı və saxlanılması barədə gizli saziş imzalandı. Həmin sənədə əsasən, SSRİ, ABŞ və Böyük Britaniya İran ərazisinin daim bütöv qalması barədə razılığa gəldilər.

Tehran konfransı keçirilən vaxt İran şahı Məhəmməd Rza Pəhləvi çox gənc idi: cəmi 24 yaşı vardı və iqtidara gəlməsindən heç üç ay keçməmişdi. O, Böyük Britaniya və ABŞ-ın Tehrandakı səfirliyində saatlarca gözlədikdən sonra U.Çörçil və F.Ruzveltlə yalnız ayaqüstü görüşə bilmişdi. Sovet liderini də ziyarət etməyi özünə şərəf bilən Məhəmməd Rza müvafiq xahişini çatdırmaq üçün xüsusi elçisini SSRİ səfirliyinə göndərmişdi.

Sovet səfirliyində şahın xüsusi nümayəndəsi ilə Stalin arasındakı maraqlı dialoqu diqqətə çatdırmaq istərdik.

Xüsusi nümayəndə: İran şahı marşal İosif Visarionoviç Stalini, əgər vaxtı varsa, ziyarət etmək istəyir. Marşal Stalin şahənşahı qəbul etmək istəyirmi?

Stalin suala sualla cavab verir: İran şahı Stalini nə zaman qəbul etmək istəyir?

Cavab o qədər gözlənilməz olur ki, nümayəndə özünü itirir və sovet liderinin onu yanlış anladığını zənn edərək sualını təkrarlayır. Stalinin bu dəfəki cavabı elçini lap təəccübləndirir: Şah Stalini indi qəbul edə bilərmi?

Az sonra Stalin şahın sarayına gəlir. 1943-cü il dekabrın 1-də baş vermiş bu hadisə gənc monarxı çox duyğulandırır. Stalin salona daxil olanda Məhəmməd Rza Pəhləvi diz çökərək onun əlini öpmək istəyir. Stalin buna imkan vermir, şahı qolundan tutaraq qaldırır və onunla əl tutub görüşür.

Stalinin təhlükəsizlik xidmətinin rəisi Nikolay Vlasik öz memuarlarında yazırdı: gənc şahın təyyarəçi olduğunu nəzərə alan Stalin ona təyyarə bağışlayır. Bundan başqa, elə görüş zamanı İran ordusuna 20 təyyarə, 20 tank vermək və Məşhəd şəhərində hərbi aviasiya məktəbi yaratmaq və ordu üçün pilotlar hazırlamaq barədə göstəriş verir.

Stalinin bu hərəkəti yalnız şah tərəfindən deyil, geniş xalq kütləsi tərəfindən böyük rəğbətlə qarşılanır. İranın həmin dövrdə nəşr edilən “Xəbər” qəzeti yazırdı ki, Stalinin saraya gələrkən keçdiyi küçə “Stalin xiyabanı” adlanmağa başladı. Qərb dövlətləri ilə yaxınlığına baxmayaraq, İran 1979-cu il inqilabınadək SSRİ ilə dost münasibətləri saxladı.

İran Sovet dövləti ilə daha yaxın olmaq istəyirdi. Lakin İranın dağılmış iqtisadiyyatına sərmayə lazım idi. Ağır müharibədən çıxmış Sovet hökuməti isə İranın neft və qaz sənayesinə investisiya yatırmaq imkanında deyildi. Ona görə də İran ABŞ ilə iqtisadi əməkdaşlığa üstünlük verdi. Bu vəziyyət 1979-cu ilədək davam etdi. İslam inqilabından sonra İran dünyada öz müstəqil siyasəti olan dövlətlərdən birinə çevrildi.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.